Masallıda yaşlı qadını öldürəndən sonra vəhşi heyvanlara yem etmək istəyiblər
22 aprel 2009 15:00 (UTC +04:00)

Masallıda yaşlı qadını öldürəndən sonra vəhşi heyvanlara yem etmək istəyiblər

73 yaşlı Gülbuta Əliyeva meşədə naməlum şəraitdə amansızlıqla qətlə yetirilib

Masallı Rayon Prokurorluğunun müstəntiqi Cəlil Mahmudovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Nəzəroba kəndində qeydə alınıb. Kənd sakini, 1936-cı il təvəllüdlü Gülbuta Heydər qızı Əliyeva yaşadığı evdən 1 km aralıdakı meşəyə odun gətirməyə gedib və geri qayıtmayıb.

Onun axtarışına başlayan ailə üzvləri və kənd sakinləri meşənin “Kinəvədi dərəsi” adlanan ərazisində Gülbutanın ağaca bağlanmış vəziyyətdə meyitini aşkarlayıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə üçün rayon məhkəmə-tibbi ekspertiza laboratoriyasına veriblər. Müayinədən sonra məlum olub ki, G. Əliyeva vəhşicəsinə döyülərək boğulub. İzi itirmək məqsədilə isə meyit ağaca bağlanıb ki, vəhşi heyvanlar onu parçalasın. C. Mahmudovun sözlərinə görə, Gülbuta Əliyeva ölməmişdən əvvəl zorakılığa məruz qalıb. Belə ki, amansızlıqla döyülmə nəticəsində onun 5 qabırğası sınıb, həmçinin başının sağ və sol gicgah nahiyələrində ağır zərbələrin təsirindən gemotomalar əmələ gəlib.

Qeyd edək ki, ruhi xəstə olan qadının 1 qızı və 1 oğlu var. O, övladları ilə bir evdə yaşayıb və bir qayda olaraq hər gün odun gətirmək üçün meşəyə göndərilib. Hadisə baş verən gün evdə qızı ilə gəlini olub. Oğlu isə Bakıya gedib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar