Elşad Abdullayevin tutdurduğu bacısı oğlu azadlığa buraxıldı
14 aprel 2009 12:00 (UTC +04:00)

Elşad Abdullayevin tutdurduğu bacısı oğlu azadlığa buraxıldı

Məhkəmə ABU rektorunun bacısının oğluna bəraət verməyib


Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetin (ABU) rektoru Elşad Abdullayevin şikayəti əsasında tutulan Elşən Baxşıyevun və adıçəkilən şəxsin saxlanması zamanı polisə müqavimətdə təqsirli bilinərək həbs edilən rektorun bacısı oğlu Azad Mürsəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumat görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Binəqədi rayon Polis İdarəsinin əməkdaşı Vüqar Nəcəfov ifadə verib. V. Nəcəfov deyib ki, Binəqədi rayon Prokurorluğunun sanksiyası əsasında 2008-ci il sentyabrın 17-də Elşən Baxşıyevu prokurorluğa aparan zaman tanımadığı Azad Mürsəliyevlə aralarında qarşıdurma olub və nəticədə o, yüngül xəsarət alıb. V. Nəcəfov A. Mürsəliyev barəsində şikayətçi olmadığını da qeyd edib. Binəqədi rayon Polis İdarəsinin əməkdaşı Elşad Vəliyev də sentyabrın 17-də baş verən hadisə barədə danışıb. Sonra hakim məhkəmə istintaqının yekunlaşdığını deyib.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror deyib ki, təqsirləndirilən E. Baxşıyev 2008-ci ilin avqustunda ABU-nun rektoru Elşad Abdullayevin yanına gedərək, bacısı oğlanları təqsirləndirilən Azad Mürsəliyevin kiçik qardaşları ilə aralarında yaranan anlaşılmazlığı həll etmək istəyib. Görüş zamanı E. Baxşıyev rektorla mübahisə edib və bundan sonra E. Abdullayevin səhhətində problem yaranıb. Baş verənlər rektorun və ali məktəbin iş fəaliyyətinə təsir edib.

Təqsirləndirilən A. Mürsəliyev isə E. Baxşıyev prokurorluğa aparılan zaman polis əməkdaşlarına müqavimət göstərib. Dövlət ittihamçısı E. Baxşıyevun Azərbaycan Cinayət Məcəlləsinin 322.1-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurmaq) maddəsi ilə 6 ay, Azad Mürsəliyevin isə 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə 3 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror onu da deyib ki, E. Baxşıyev saxlandığı gündən hökm çıxarılana qədər çəkdiyi cəza nəzərə alınsın və cəzası çəkilmiş hesab olunsun.

E. Abdullayevin nümayəndəsi isə təqsirləndirilən şəxsin həbsini istəmədiklərini, ona digər cəzanın tətbiq olunmasını məqsədəuyğun saydıqlarını bildirib.
Hakim Abbas Rzayev E. Abdullayevin məhkəməyə məktubla müraciət etdiyini və rektorun A. Mürsəliyevlə bağlı şikayətçi olmadığını söyləyib.

Sonra müdafiə tərəfi çıxış edib. E. Baxşıyevun vəkili ibtidai istintaq zamanı Prosessual Məcəllənin müddəalarının pozulduğunu deyib. Vəkil müdafiə etdiyi şəxsə bəraət istəyib. A. Mürsəliyevin vəkili Mənsum Bayramov müdafiə etdiyi şəxsin günahsız olaraq, tutulduğunu deyib: “Təqsirləndirilən şəxslərin tutulmasına baiskar olan bütün şəxslər – yalançı şikayətçi kimi ABU-da fakültə dekanı Mahmud Əfəndiyev, Binəqədi rayon Prokurorluğunda ibtidai istintaqı aparan şəxslər və digər məsul adamlar cəzalandırılsın”. Prosesdə A. Mürsəliyev və E. Baxşıyev son söz deyiblər. Hər iki şəxs birinci məhkumluqlarını, ailə vəziyyətlərini, sosial statuslarının nəzərə alınmalarını istəyiblər. E. Baxşıyev isə özünü qismən təqsirli bilib, işə xitam, A. Mürsəliyev isə bəraət verilməsini xahiş edib.

Müşavirədən qayıdan məhkəmə hökmü elan edib. Hökmə görə, hər iki şəxs barəsində 6 ay azadlıqdan məhrum etmə qərarı seçilib. Hökmdə qeyd edilib ki, həm E. Baxşıyev, həm də A. Mürsəliyev saxlandığı gündən hökm çıxarılana qədər çəkdikləri cəza nəzərə alınsın və cəzaları çəkilmiş hesab olunsun, A. Mürsəliyev isə məhkəmə zalından azadlığa buraxılsın. Bundan sonra hökm icra olunub və A. Mürsəliyev məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, Azad Mürsəliyev və E. Abdullayevin həmkəndlisi, o cümlədən A. Mürsəliyevin dostu Elşən Baxşışov universitet rektoruna, həmçinin ali məktəbdə fakültələrdən birinin dekanı Mahmud Əfəndiyevə hədə-qorxu gəliblər, onları öldürməklə hədələyiblər.
Onlar rektordan tələbələrin qanunsuz yolla ali məktəbə qəbul olunmasını istəyiblər. Adıçəkilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunaraq, 2008-ci il sentyabrın 17-də tutulublar.

Qeyd edək ki, məhkəmədə ittiham tərəfinin Elşən Baxşıyev barəsində qaldırdığı iddia öz təsdiqini tapmadığından, ona Cinayət Məcəlləsinin 322.1-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurmaq) maddəsi tətbiq olunub. Həmin maddə ilə maksimum 6 ay cəza müddəti nəzərdə tutulduğundan, E. Baxşıyev 2009-cu il martın 19-da məhkəmə bitməmiş azadlığa buraxılıb. Azad Mürsəliyevə isə Cinayət Məcəlləsinin 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə ittiham olunub.
# 1013

Oxşar yazılar