Faiq Ağayev: “Flora Kərimova 500 min manat istəyir”
05 mart 2009 18:30 (UTC +04:00)

Faiq Ağayev: “Flora Kərimova 500 min manat istəyir”

Hakim: “Barışsalar, mehriban olsalar, daha yaxşı olar”

Bu gün Xalq artisti İlhamə Quliyevanın Xalq artisti Flora Kərimovaya qarşı qaldırdığı iddia əsasında Nəsimi rayon Məhkəməsində hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə məhkəmə baxışı keçirilib. Lent.az-ın məlumatına görə, prosesdə iclasda cavabdeh tərəfin nümayəndələri iştirak etməyib. Hakim F.Kərimovanın vəkilinin məhkəməyə teleqram göndərdiyini, başqa bir prosesdə iştirak etdiyini əsas gətirərək, məhkəmə baxışına qatıla bilməyəcəyi barədə məlumat verdiyini bildirib.

İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva isə qarşı tərəfin məhkəməyə başqa səbəbdən qatılmadığını iddia edib. Onun sözlərinə görə. F.Kərimovanın vəkili məhkəmədə uduzacağını bildiyi üçün prosesə gəlməyib.

Hakim öz növbəsində deyib ki, ötən məhkəmə baxışında tərəfləri barışığa dəvət edib, ancaq tərəflər buna razı olmayıblar: “Mən barışıq deyəndə onu nəzərdə tutmuram ki, görüşüb-öpüşsünlər. Düzdür, barışsalar, mehriban olsalar, daha yaxşı olar. Amma bu olmasa belə, hüquqi baxımdan barışmaq yaxşı olar. Çünki onların hər ikisi tanınmış şəxsdir və belə bir addımın atılması doğru olar”.

İ.Quliyevanın vəkili hakimin dediklərin münasibət açıqlayıb: “Barış o zaman mümkün olardı ki, İlhamə Quliyevanın məhkəmə iddiasından sonra Flora Kərimova sakit dayanaydı, onun barəsində mətbuatda çıxışlar etməyəydi. Flora Kərimova başqalarını da bu münaqişəyə cəlb edir”.

Hakim F.Kərimovanın məhkəməyə qarşılıqlı iddia ərazisi verdiyini bildirib. Onun sözlərinə görə, iddiaçı öz ərizəsində İ.Quliyevanın məhkəməyə təsir etmək üçün bəzi yalançı titullardan istifadə etdiyini bildirib. F.Kərimova ərizəsində İ.Quliyevanın Dünya Azərbaycanlılar Konqresinin (DAK) Mədəniyyət Akademiyasının prezidenti, beynəlxalq statuslu müğənni, AzTV-nin solisti və digər statuslarının həqiqətə uyğun olmadığını bildirib. Müğənni həmçinin İ.Quliyevanın APA, AzTV və ANS-ə müsahibələrində şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və dəymiş mənəvi ziyana görə 150 min manat kompensasiya ödənilməsini istəyib.

İ.Quliyevanın vəkili Ş.Nağıyeva, həmçinin nümayəndələri Faiq Ələkbərov və Xalq artisti Faiq Ağayev iddianın qəbul olunmamasını xahiş ediblər. Vəkil bildirib ki, qarşılıqlı iddia ərizəsi ilkin iddiaya uyğun deyil, onu tamamlamır, hüquqi baxımdan düzgün hazırlanmayıb və hətta bir sıra səhvlər var. Onun sözlərinə görə, iddia ərizəsində İlhamə Quliyevanın soyadı səhv - “İlhamə Orucova” kimi göstərilib.

Daha sonra hakim müşavirəyə yollanıb.

Müşavirə fasiləsi zamanı Xalq artisti Faiq Ağayev F.Kərimovanın ona, Tolikə, Sərxan Kərimoğluna və Faiq Ələkbərliyə qarşı məhkəmə iddiaları qaldırdığını, qarşı tərəfin təzminat olaraq pul tələb etdiyini xatırladıb: “Bu məhkəmə iddiaları zamanı üst-üstə 500 min manat pul istənilir. Deyəsən onun (F.Kərimova nəzərdə tutulur – red.) könlünə milyonçu olmaq düşüb”.

Müşavirədən sonra F.Kərimovanın qarşılıqlı iddiasının icraata götürülməməsi barədə məhkəmə qərar qəbul edib. Məhkəmə baxışı isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

İclasın sonunda Ş.Nağıyeva İ.Quliyevanın Xalq artisti, Şöhrət ordeni, Dağıstanın xalq artisti və digər titulları ilə bağlı vəsiqələri, onun medallarını, hətta “Hollywood” jurnalında dərc olunan şəklini də hakimə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1691

Oxşar yazılar