Ramil Usubov məhkəmə iddiasını geri götürdü
02 mart 2009 12:30 (UTC +04:00)

Ramil Usubov məhkəmə iddiasını geri götürdü

Bu gün Yasamal rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

L. Yunusun APA-ya verdiyi məlumata görə, hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, daxili işlər naziri Ramil Usubov tərəfindən hüquq müdafiəçisinə qarşı qaldırdığı iddiadan imtina etməsi haqda məhkəməyə müraciət daxil olub. Bu səbəbdən də məhkəmə işə xitam verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Azərbaycanın daxili işlər naziri Ramil Usubovun hüquq müdafiəçisi Leyla Yunusa qarşı qaldırdığı iddia əsasında Nəsimi rayon Məhkəməsində keçirilən proses cavabdeh tərəfin – L. Yunusun vəsatəti ilə təxirə salınıb. Vəsatətdə nazirin iddiası əsasında mövcud şikayətin aidiyyəti üzrə ünvanlanmadığı qeyd edilib. Cavabdeh tərəf iddia ərizəsinə hüquq müdafiəçisi L. Yunusun yaşadığı ünvanda, Yasamal rayon Məhkəməsində baxılmasını istəyib. Məhkəmə isə vəsatəti təmin edib və iş Yasamal rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubovun iddia ərizəsində bildirilib ki, Leyla Yunus ötən il dekabrın 3-də mətbuata müsahibəsində Daxili İşlər Nazirliyinə böhtan atıb. R. Usubov həmin müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini bildirib, L. Yunusun təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində 100 min manat cərimə ödəməsini istəyib.
# 1184

Oxşar yazılar