Nazpəri Dostəliyeva məhkəmə qarşısında –  EKSKLÜZİV
25 fevral 2009 15:00 (UTC +04:00)

Nazpəri Dostəliyeva məhkəmə qarşısında – EKSKLÜZİV

Xalq artisti vergidən yayınmaqda təqsirləndirilir

Bu gün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində Vergilər Departamentinin 2 saylı filialının Azərbaycanın xalq artisti Dostəliyeva Nazpəri Əhmədəli qızına qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Lent.az-ın məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, departament müğənnini vergidən yayınmaqda günahlandıraraq, vergi borcunun ödənilməsini istəyir. İttihamnaməyə görə, N.Dostəliyeva 2007-ci ilin dördüncü rübündə 3 müxtəlif toyda iştirak edərək qazanc götürsə də, əldə etdiyi vəsaitdən vergi ödəməyib. Sənəddə qeyd olunub ki, müğənni toyların ikisindən ayrı-ayrılıqda 7 min, birindən isə 5 min manat qazanc əldə edib. Departament ümumilikdə 19 min manat gəlirdən 4%, yəni 760 manat vergi ödənmədiyini iddia edərək, bu məbləğdə vəsaitin ödənilməsini tələb edir.

Toylardan birinin “Monoliza”, ikincisinin “Kral” restoranında olduğu iddia edilir. Digər toyun hansı restoranda baş tutduğunu dəqiqləşdirmək mümkün olmayıb.

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin hakimi Tahirə Əsədovanın sədrliyilə keçirilən məhkəmə prosesində müğənni özü iştirak etməyib, onu vəkili Yunis Vəliyev təmsil edib. Y.Vəliyev məhkəmə prosesində çıxış edərək N.Dostəliyevanın iddia edilən toylarda oxuduğunu sübut edən dəlil təqdim olunmasını xahiş edib. Vəkil sübut kimi toyu olan şəxslərin adlarının və nikah bağlanması barədə sənədin surətinin məhkəməyə təqdim olunmasını istəyib. O deyib ki, həmin vaxt müğənni xaricdə olub, qeyd olunan toylardan bəziləri isə Məhərrəm ayına təsadüf edib.

Məhkəmədə iştirak edən Vergilər Departamentinin 2 saylı filialının nümayəndəsi Nizami Əhmədov isə deyilənləri təkzib edib. O, Məhərrəm ayına düşdüyü iddia olunan toylardan birinin 22 dekabr 2007-ci il tarixdə keçirildiyini deyib. Həmin vaxt isə Məhərrəm ayına düşmür. N.Dostəliyevanın xaricdə olmasına gəlincə, N.Əhmədov bununla bağlı müğənninin ümumvətəndaşlıq pasportunun məhkəməyə təqdim edilməsini istəyib.

N.Dostəliyevanın vəkili isə bunun şəxsi sirlərin pozulmasına gətirəcəyini əsas göstərərək, müğənninin ümumvətəndaşlıq pasportunun məhkəməyə təqdim edilməsinin düzgün olmadığını deyib. Vəkil müğənnilərin vergi ödəməsilə bağlı qaydalarla bağlı da danışıb. O deyib ki, əslində Vergilər Nazirliyi hər müğənninin adına bir qəbz buraxıb: “Toy sahibi həmin qəbzi doldurur. Müğənni də bunun əsasında vergi ödəyir. Nazpəri xanım iddia olunan vaxtlarda toyda iştirak etmədiyindən bu, qəbzdə də yer almayıb”.

Maraq üçün bildirək ki, Vergilər Departamentinin 2 saylı filialının nümayəndəsi sübut kimi məhkəməyə məşhur müğənnilərin toylardan aldığı vəsaitlərin siyahısı olan jurnalı təqdim edib. Lakin N.Dostəliyevanın vəkili bunu sübut saymayıb: “Sübut edin, 100 min manat belə borcumuz olsa, ödəyək. Ancaq indi təqdim etdiyiniz sənədlər saxtadır”.

Vəkil vergi qurumlarının onlarla qeyri-rəsmi danışıqlar apardığını da bildirib: “Ağzımı açdırmayın da... Telefonda deyirdiniz ki, filan qədər pul gətirin. Lazım gəlsə, telefon danışıqlarının yazısını da təqdim edərəm”.

Məhkəmə prosesi martın 16-da davam etdiriləcək.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1257

Oxşar yazılar