Qəbələdəki qatilin tutulmasıyla bağlı rəsmi məlumat yayıldı
10 iyul 2010 15:00 (UTC +04:00)

Qəbələdəki qatilin tutulmasıyla bağlı rəsmi məlumat yayıldı

Hökmalı Yusifov silahını könüllü təhvil verib və hadisəni törətdiyini etiraf edib

Respublika Baş Prokurorluğu Qəbələ rayonunda qətl hadisəsi törətmiş şəxsin həbs edilməsi barədə rəsmi məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda xatırladılır ki, bu il iyulun 3-də Qəbələ rayonunun Tikanlı kənd sakini Hökmalı Yusifovun ov tüfəngi ilə dayısı Mürsəl Quliyevi və sonuncunun oğlu Şahmuradı qəsdən öldürmək məqsədilə yaşadıqları evin həyətində atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi və dayısının digər oğlu Nizamini tüfəngdən açdığı atəşlə qəsdən öldürməsi faktı baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə cinayət işinin başlanıb və bu barədə də Baş Prokurorluq tərəfindən ictimaiyyətə məlumat verilib.

İstintaq zamanı toplanmış şahid ifadələri və digər sübutlarla qeyd edilən cinayətin H.Yusifov tərəfindən törədilməsi təsdiq edildiyindən onun barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin istintaqdan gizləndiyi üçün Qəbələ rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, tutulması və ittiham elan edilməsi üçün axtarışa verilib.

Rayon Prokurorluğu və rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində H.Yusifov iyulun 9-da Tikanlı kəndi ərazisində tutularaq istintaqa təqdim edilib. Tutularkən o, cinayətin törədilməsində istifadə etdiyi ov tüfəngini və içərisində 7 ədəd patron olan patrondaşı könüllü təhvil verib.

Təqsirləndirilən şəxs H.Yusifova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və o, dindirilərkən elan olunmuş ittihamlarla özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf edib.

İş üzrə istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar