Almaniyanın Bavariya vilayətində yaşayan Moe adlı kontent istehsalçısı insanların tez-tez verdiyi "Bağışladığım geyimlər əslində hara gedir?" sualına cavab tapmaq üçün maraqlı eksperiment aparıb.
Lent.az xəbər verir ki, Moe Ştarnberq şəhərindəki Alman Qırmızı Xaç Cəmiyyətinin bağış qutusuna qoyduğu köhnə idman ayaqqabılarının içinə izləmə cihazı yerləşdirərək olanları izləməyə başlayıb.
Ayaqqabıların marşrutu Almaniyadan başlayaraq Avstriya, Sloveniya və Xorvatiya üzərindən Bosniya və Herseqovinaya qədər uzanıb.
Həftələrlə davam edən izləmədən sonra cihazın siqnalı Bosniya və Herseqovinadakı ticarət zonalarından birində dayanıb.
Hadisəni yerində araşdırmaq istəyən Moe Bosniya və Herseqovinaya gedərək, bağışladığı ayaqqabıların bazarda 10 avroya satışa çıxarıldığını görüb. Satıcı məhsulların Almaniyadan gətirildiyini təsdiqləyib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olduqdan sonra Alman Qırmızı Xaç Cəmiyyəti açıqlama yayıb.
Qurum bildirib ki, bağışlanan bütün geyimlər birbaşa yerli ehtiyac sahiblərinə çatdırılmır. Açıqlamaya əsasən, geyimlərin bir hissəsi həqiqətən ehtiyacı olan insanlara verilir, digər hissəsi isə təşkilatın öz xeyriyyə mağazalarında satışa çıxarılır.
Qalan böyük hissə isə anbar, daşınma, çeşidləmə və işçi xərclərini qarşılamaq məqsədilə ikinci əl tekstil bazarına göndərilir yaxud təkrar emala yönləndirilir.