Uruqvay Futbol Assosiasiyanın təşkilatçılığı ilə 18 qadın futbol klubu arasında “Qızıl Kubok - Azərbaycan Çempionatı 2012” adlı çempionat keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin sentyabrda start götürmüş çempionatın final oyunu 15 dekabr tarixində paytaxt Montevideonun “Çarrua” stadionunda “Cerre” və “Wandereres” klubları arasında keçirilib və “Cerre” klubunun qələbəsi ilə başa çatıb.
Turnirin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Respublikasının Argentinada, eyni zamanda Uruqvayda akkreditə olunmuş səfirliyinin əməkdaşları da iştirak ediblər. Mərasimdə çıxış edən Uruqvay Futbol Assosiasiyasında Qadın Futbolu Şurasının prezidenti Nair Ackermann Bochard çempionatın “Qızıl Kubok - Azərbaycan Çempionatı 2012” adlandırılmasının səbəbini Uruqvayın qadınlardan ibarət futbol komandasının ilk dəfə iştirak etdiyi 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin məhz Azərbaycanda keçirilməsi ilə bağlı olduğunu söyləyib. O, Uruqvay milli komandasının Azərbaycandan böyük təəssüratlarla geri döndüyü və nümayəndə heyətinə göstərilmiş yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Azərbaycanlı diplomatlar səfirlik adından çempionatın “Qızıl Kubok - Azərbaycan Çempionatı 2012” adlandırılmasına görə təşkilatçılara təşəkkürünü çatdırıb, yarış iştirakçılarını, qaliblərini təbrik edib və qalib komandaya çempionatın kubokunu təqdim ediblər.