Ukraynanın baş naziri Nikolay Azarov Kiyevin mərkəzində baş verən kütləvi qarışıqlığın iştirakçılarını terrorçu adlandırıb.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, N. Azarov bildirib ki, “maydanın radikal hissəsinin ultra-sağ silahlıları” Kiyevin mərkəzində kütləvi iğtişaş törədib: “Terrorçuların mənəviyyatsızlığı və riyakarlığı o səviyyəyə çatıb ki, onlar insanlara “Molotov kokteyli” atır. Bu gün gecə isə terrorçular otellərə soxularaq öz opponentləri hesab etdikləri onlarla vətəndaşı amansızlıqla döyüblər”.
N. Azarov qeyd edib ki, Qruşevsk küçəsində bir neçə gündür güc strukturlarına müqavimət göstərən fəalları dinc mitinqçi adlandırmaq olmaz: “Onlar cinayətkardır və öz əməllərinə görə cavab verməlidir”.