Türkiyənin cənub-şərqində Avropadan gətirilən “Patriot” zenit-raket komplekslərindən biri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Lent.az-ın məlumatına əsasən, NATO nümayəndələri bildirib ki, qalan beş kompleks artıq bu il yanvarın sonunadək ölkə ərazisində hazır vəziyyətə gətiriləcək.
Xatırladaq ki, NATO Şurası dekabrın 4-də rəsmi Ankaranın müraciətinə cavab olaraq “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə qərar verib. Türkiyə bunu ölkə ərazisinə Suriyadan mərmilərin atılması ilə əsaslandırıb.
“Patriot” zenit-raket komplekslərindən biri Adana şəhəri yaxınlığında hazır vəziyyətdədir.
Adanadan başqa, “Patriot” zenit-raket kompleksləri Qəhrəmanmaraş və Qaziantep şəhərləri yaxınlığında da yerləşdiriləcək.
Xatırladaq ki, Türkiyə XİN rəhbəri Əhməd Davutoğlu ölkəyə hava və raket hücumları təhlükəsi tam aradan götürülənədək xarici hərbçilərin və “Patriot” sistemlərin Türkiyə ərazisində qalacağı barədə bəyanat vermişdi.