“Rəsmi Tiflis NATO ilə münasibəti genişləndirməyə hazırdır”.APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Xarici İşlər Naziri Maya Pancikidze Münhen Təhlükəsizlik konfransında bildirib. “Gürcüstanın yeni hakimiyyəti NATO və Avropa Birliyi ilə münasibəti genişləndirməyi vacib hesab edir. Bizim ölkə NATO ilə eyni zamanda ümumi xarici siyasət və siyasi təhlükəsizlik çərçivəsində münasibəti genişləndirməlidir”- deyə, Gürcüstan xarici siyasət qurumunun rəhbəri bildirib.
Xarici işlər naziri Rusiya ilə münasibətin yaxşılaşması Gürcüstanın yeni hakimiyyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. ”Yeni hakimiyyət nümayəndələri ölkənin xarici prioritetlərindən biri Rusiya Federasiyası ilə münasibətlərin normallaşdırılması olduğunu bildiriblər”.
Maya Pancikidze qeyd edib ki, bu barədə Gürcüstan konkret addımlar qəbul edib: “Məsələn, biz Rusiya ilə birbaşa əlaqələr yaratmışıq. Bu addımlar Cenevrə konfransı çərçivəsində aparılan əsas danışıqları dəyişməməlidir. Buna görə, xatırlatmaq istəyirəm ki, Rusiya hərbi qüvvələri tərəfindən Gürcüstanın bir hissəsi zəbt edilibsə, biz bütünlüklə barışığa nail ola bilmərik. Rusiya tərəfindən 20% torpaqlarımızın işğal olunması, Gürcüstanın təhlükəsizliyi və Avropa üçün ciddi təhlükədir”, deyə Pancikidze bildirib.