Sürüklənən Ermənistan
27 iyul 2016 13:34 (UTC +04:00)

Sürüklənən Ermənistan

 

Bu gün Ermənistan iqtisadiyyatı çöküş dövrünü yaşayır. Vətəndaşlar öz ölkələrini tərk edirlər. Hətta bununla bağlı belə bir deyim də vardır: hər bir erməni təktərəfli uçuş biletini almaq üçün pul arxasınca qaçır. Yəni təyyarə biletini toplaya bilən hər bir erməni ölkəsini tərk edir, bir daha geri qayıtmır. Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyildir, güclə ayaqda qalır.  Ermənistan prezidenti Serj Sarkisyanın 2014-cü il 24 avqust tarixində gənc jurnalistlərlə görüşü zamanı əlacsız etdiyi etirafları da bunu təsdiqləyir:  “Ermənistanın əksər vətəndaşları ədalət çatışmazlığı və ya qanunun aliliyinin olmamasına görə, daha yaxşı həyat üçün ölkəni tərk edirlər. Məsələ ondadır ki, biz sayca azıq və miqrasiya bizə ikiqat pis təsir edir. Başqa yandan, siz başa düşməlisiniz ki, digər ölkələrlə müqayisədə bizdə ən azı iki əlavə motiv var ki, ölkədən köçü daha da stimullaşdırır: birincisi, erməniləri maqnit kimi özünə çəkən diasporadır. İkincisi isə başa çatmayan müharibə, təhlükəsizlik problemidir. Valideynlər həyəcan keçirir və s.” - deyə Sarkisyan acı etirafda bulunmuşdu.

 

Son günlər İrəvanda baş verən aksiyalar Ermənistanın acınacaqlı vəziyyətini bir daha nümayiş etdirir. Üsyançılar İrəvan sakinlərinə və bütün Ermənistana videomüraciət ünvanlayaraq, ölkəni Serj Sarkisyan rejimi ilə silahlı mübarizəyə səsləyirlər. 21 iyul gecəsi İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdan Ermənistan hüquq-mühafizə orqanları tərəfindən 30-dək etirazçı saxlanılıb. Baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla 51 nəfər xəsarət alıb. Maraqlı məqam isə Serj Sarkisyanın hadisələrlə bağlı hər hansı bir münasibət bildirməməsidir. Ermənistan müxalifətinin liderlərindən biri, prezidentliyə keçmiş namizəd Paruyr Hayrikyanın fikirincə, Serj Sarkisyan üsyançıların tələblərinə müvafiq olaraq istefaya gedir. O qeyd edib ki, əgər Sarkisyan özünü ölkənin prezidenti hiss etsəydi, bu günlər ərzində hər hansı bir bəyanatla çıxış etməyə borclu idi. Ermənistan prezidentinin müşaviri Alik Sarkisyan jurnalistlərə müsahibə verərək ölkə prezidentinin iş başında olduğunu, lazım gələrsə, bəyanat verəcəyini bildirib. Bununla birlikdə, müşavir sonuncu dəfə prezidenti nə vaxt görməsi ilə bağlı verilmiş suala cavab verməkdən yayınıb.

 

Yaranmış vəziyyətin gərginliyi erməni ekspertlərini də ölkənin gələcəyi ilə bağlı bədbin proqnozlar verməyə vadar edir. Məsələn, analitik İqor Muradyan prezident Serj Sarkisyanı “Avropa ölkəsinin prezidenti olmaq statusundan imtina edərək ölkəsini bütün dünyanın gülüş hədəfinə çevirmiş, uduzmuş siyasətçi” adlandırır. Ermənistanın uçurumun kənarında dayandığını deyən ekspertin fikrincə, korrupsiyalaşmış Sarkisyan rejiminə qarşı ictimaiyyətin sərt təpkisi olmadan, ölkənin idarəetmə kursunu dəyişmədən Ermənistanı xilas etmək mümkün olmayacaq.

 

Bu hadisələr Ermənistanın durumu ilə bağlı reallıqları bir daha dünya ictimaiyyətinə nümayiş etdirir. Öz əhalisini saxlaya bilməyən, aclıq və səfalət içində hökm sürən hakimiyyət 20 illik yarıtmaz fəaliyyəti ilə nəinki Dağlıq Qarabağı, heç Ermənistanı da təmin etmək iqtidarında olmadığını açıq şəkildə ortaya qoydu.

 

Nə qədər ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək, qəti qərara gələ bilməyəcək, o qədər də uçuruma doğru yuvarlanacaqdır. Çünki Azərbaycanla birgə razılığa nail olmaq Ermənistanın strateji əhəmiyyətli layihələrdən faydalanması, iqtisadi səfalətdən xilas olması baxımından daha vacib bir addımdır.

 

Nailə Məmmədova

 

“Azerbaijan Realities”


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar