Misir. Türbət Bağırova – APA. Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Suzan Cəmil Nuhun təşəbbüsü və səfirliyin dəstəyi ilə jurnalistlərin Qahirə və Şarm əl Şeyx şəhərlərinə infoturu təşkil olunub.
APA-nın infotura qatılan əməkdaşı antik sivilizasiyanın beşiyi sayılan Misirdən reportaj hazırlayıb.
Afrika və Asiyanın qovşağında yerləşən piramidalar dünyası, Sfinksin evi sayılan Misir 7 min illik qədim tarixə sahib olub, antik mədəniyyətin cizgiləri ilə modernliyi birləşdirir.
“Qalibiyyət”in şəhəri – Al-Qahira
Antik sivilizasiya ilə müasirliyin təzahürünü ən mükəmməl şəkildə paytaxt Qahirə təmsil edir. Şəhər əzəmətli piramidalar və fironların həyatına şahidlik edən tarixi abidələrlə yanaşı, həm də “Ölülər şəhəri” kimi unikal məkanların ev sahibidir. Bu torpaqlara Qahirə adı Misirdə uzun illər hökmranlıq etmiş Fatimilər tərəfindən verilib və mənaca “qalibiyyət” anlamına gəlir. Fatimi sülaləsinin paytaxt elan etdiyi Qahirə daha sonra Misir torpaqlarında hökmranlıq etmiş Əyyubilər, Məmlüklər kimi dövlətlərin siyasi, iqtisadi, dini və mədəni mərkəzi olub.
Səfərə öncə məşhur Təhrir meydanından başladıq. O meydan ki, ərəb baharının əsas istehkamlardan və qələbə meydanlarından biri kimi Misir inqilabının simvolu hesab olunur. 2011-ci ildə eks-prezident Hüsni Mübarəkin 32 illik hakimiyyətinə son qoyulması məqsədilə misirlilərin keçirdikləri etiraz aksiyalarından heç bir iz qalmayıb. İnsanların rahat hərəkəti, meydanın kənarında oturub söhbətləşməsi diqqəti cəlb edir.
Bələdçimiz Dalya 2011-də Hüsni Mübarəki, cəmi iki il sonra isə “Müsəlman qardaşları”nı devirən Təhrir meydanı haqqında suallarımızı cavablandırdı. Onun sözlərinə görə, xalq hazırkı hakimiyyətdən razıdır: “Buna qədər isə vəziyyət acınacaqlı idi, artıq hər şey qaydasındadır”.
Azərbaycanın Misirdəki səfirliyində olarkən də bu barədə söhbət etdik. Səfirliyin müşaviri Rafael Bağırov da ölkədə sabitliyin bərqərar olduğunu, prezident, parlament seçkilərinin keçirildiyini və hakimiyyətin bütün ölkəyə nəzarət etdiyini xüsusilə vurğuladı. Başqa sözlə, deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Misir artıq sözün əsl mənasında “baharı”nı yaşamağa başlayıb.
Poliqlot satıcıların diyarı - Xan əl-Xəlili bazarı
“Yavaş –yavaş, Hasan Şaş”, “Mısır türk hep aynı aynı”... məzəli, eyni zamanda da doğma səslənən bu sözlər Xan əl-Xəlili bazarında ən çox eşitdiyimiz sözlər oldu. Qahirəyə gələn turistlərin sevimli məkanı olan bazarın satıcıları xarici görkəmindən insanların hansı millətə mənsub olduqlarını rahatlıqla seçə və onlara münasibətdə fərdi yanaşma sərgiləyə bilirlər. Bu bazarda alış-veriş etmək dünyanın istənilən nöqtəsindən gələn insan üçün çox asandır. Ən azından ona görə ki, satıcılar türklə türkcə, çinli ilə çin, ingilislə ingilis, rusla rus, ispanla ispan dilində danışırlar. Nə qədər təəccüblü olsa da, bu belədir.
Bazar Qahirənin mərkəzində yerləşən, 600 illik tarixə malik dar keçidli, orta əsrləri xatırladan bölgə yerləşir. 1382-ci ildə məmlük sultanı Bərkükün əmiri Carkas əl-Xəlili tərəfindən inşa edilib və deyilənlərə görə, məmlüklər dövrünə aid olan memarlığını indiyədək qoruyub saxlayıb.
Bazar Misiri ölkələrinə “alıb aparmaq” istəyənlər üçün əla yerdir. Papiruslar, fironların irili-xırdalı heykəlləri, ətirlər, şərq dəbində paltarlar, parçalar, qızıl və digər qiymətli metalların satışına bazarın hər küncündə rast gəlmək olur.
Səlib yürüşlərinin ön cəbhəsi - Səlahəddin qalası
Əyyubilər sülaləsindən olan Səlahəddin Qahirənin xaçlı yürüşlərindən qorunması üçün bu qalanın tikilməsi barədə əmr verir. Qala bütün şəhərə nəzarət etməyə imkan verən və yüksək nöqtədə yerləşən Mokaddam təpəsindədir.
Uzaqdan qala içərisindən görünən ən məşhur tarixi abidə Kavalali Mehmet Ali Paşa tərəfindən inşa edilən məsciddir. Mehmet Ali Paşa özü Osmanlılar tərəfindən Misirə təyin edilən vali olsa da, sonradan mərkəzi hakimiyyətə qarşı üsyan qaldıraraq təkbaşına hakimiyyətini elan edib.
“Ölüm içində həyat” - əl-Ərəfa
“Ölülər şəhəri” dedikdə birinci ağıla məzarlar toplusu gəlir. Lakin bu məzarlar toplusunun ənənəvi məzarlıqlardan fərqi burda insanların məzarlarla bir evdə qalmasıdır. Yəni burda yaşayan insanlar axirətə qovuşan doğmalarının məzarının yaşadığı evin içində olmasını istəyir. Təsəvvür edin ki, evinizin içində yaxınlarınızın və ya başqa bir adamın qəbri. Xəyal edilməsi nə qədər dəhşətli olsa da, əl-Ərəfada dirilər ölülərlə bir evdə qalır.
Burda yaşayan insanların necə və nə zaman bu hala gəlib düşdükləri haqqında müxtəlif versiyalar var. Bəziləri belə hesab edir ki, Misir torpaqları qumlu olduğu üçün məzarlar tez bir zamanda itir. İnsanlar da doğmalarının məzarlarına daim qulluq etməyin zəruri olduğunu hesab etdiyi üçün bu yolu seçərək məzarlarla bir evdə yaşayırlar. Bəziləri isə belə hesab edir ki, bu, sadəcə həmin insanların doğmalarına yaxın olmaq və ya hansısa dini inanclarla bağlıdır. Lakin burda məcburiyyətdən qalanların da sayı az deyil. Evsiz-eşiksiz, Misirin uzaq bölgələrindən Qahirəyə gələn şəxslər “Ölülər şəhəri”ndə məskunlaşmağa üstünlük verirlər. Ən azından burda kiminsə yaxınlarının məzarına baxmaq qarşılığında müəyyən məbləğdə pul alır və görünür, aldıqları məvacib onların ölülərlə birgə yaşama qorxusunu heçə endirir. Bəlkə qorxudan danışmaq da yersizdir. Çünki burda həyat normal qəsəbələrdəki kimi öz axarı ilə davam edir, özlərinin mağaza, dükan, məktəbləri olan sakinlər burda qeyri-adi, ya da şikayətlənəsi hal olmadığını düşünürlər. Ən azından şəhəri uzaqdan da olsa, bir müddət müşahidə etməyimiz və bələdçimiz Dalyanın bizə danışdıqları belə fikirləşməyə əsas verir.
Lakin o məlum oldu ki, yerli icra orqanları heç də Qahirə kimi şəhərin cənub-şərqindəki bu “Ölülər şəhəri” ilə fəxr etmir və onun yerində müasir komplekslər salınmasını istəyir.
“İnsan zamandan qorxur, zamansa piramidalardan...”
Tikintisini müasir zamanda hansısa məntiq qaydalarına əsasən, çözməyə çalışdığımız piramidaların necə ərsəyə gəlməsi hələ də araşdırma mövzusudur. Hətta amerikalılar tərəfindən gətirilən lazerlər belə bu əzəmətli tikililərin sirrini çöz bilməyib. Hər bir halda, 4-5 min il yaşı olan bu əzəmətli tikililər əsrlərin sınağından keçərək müasir zamanımıza qədər mövcudluğunu qoruyub. Qədim ərəb misalında deyildiyi kimi, insan zamandan qorxur, zamansa piramidalardan...
Deyilənə görə, zamanın yeganə qorxusu olan bu qaya parçalarının tam ərsəyə gəlməsi üçün 40 il lazım olub. 20 ilə qayalar oyularaq formaya salınıb, 20 ilə isə inşa edilib. O zamanlar piramidalara qədər daşan Nil çayı da qədim misirlilərə qayaları həmin bu əraziyə gətirməkdə kömək edib.
Misirdə ümumilikdə 109 piramida olduğu təxmin edilir. Onların içində ən məşhurları elə tarix kitablarından oxuduğumuz Xeops, Xefren, Mikerindir. Lakin onlar da günümüzə inşa edildiyi formada gəlib çatmayıb. Məsələn ən hündür piramida olan Xeops tikilən zaman 147 metr hündürlüyündə olub, indi isə 137 metrdir. Ehtimal edilir ki, 10 metrlik azalma piramidanın qızıl başlığının oğurlanması hesabına baş verib. Eləcə də, Xefren və Mikerin piramidaları aşınmalar və qədim oğruların sayəsində ilk günlərdəkinə nisbətən kiçilib, içərilərində yerləşən firon otaqları isə qarət edilib.
Qədim Misirdə insanlar ölümdən sonra həyatın mövcudluğuna, yəni axirətə dərin inam bəsləyiblər. Bu inam özünü həm piramidaların tikintisində, həm fironların heykəllərində, həm papiruslarda aydın büruzə verir. Elə məhz bu dərin inama görə fironların məzarları, yəni piramidalar Nilin qərb sahilində- günəşin batdığı, başqa sözlə, həyatın bitdiyi yerdə inşa edilirdi. Piramidaların içindəki firon otaqları isə elə qurulurdu ki, şərq tərəfdən günəşin işıqları, yəni Ra otağa daxil olsun və beləcə mumiyalanmış bədənə yenidən həyat versin.
Bu ecazkar tikililərin piramida şəkilli olmasının səbəbi isə günəş şüalarının simvolizə etməsi ilə bağlıdır.
Axirətə inam və ümumiyyətlə hər hansı işarə-eyham Qahirə muzeyində gördüyümüz hər firon heykəlində də var idi. Məsələn, firon heykəlində sol ayaq irəliyə doğrudursa, bu, heykəlin firon hakimiyyətdə olarkən hazırlandığı mənasını verir və güclü olmasını simvolizə edir.
Firon qollarını çarpaz tutubsa, bu heykəlin firon öldükdən sonra hazırlandığı mənasına gəlir.
Bu yöndəmsiz bədən quruluşuna malik firon isə IV Amenhotepdir, başqa adı ilə Exnaton.
Nefertitinin əri, məşhur firon Tutanhamonun atası olan Exnaton zamanına görə çox inqilabçı şəxs olub və ilk dəfə hakimiyyəti dövründə monoteizmi tətbiq edib. Exnatonun heykəllərdə və papiruslardakı yöndəmsiz görkəmini isə araşdırmaçılar onun təbiiliyi və normalda olduğu kimi görünməyi sevməsi ilə əsaslandırırlar. Yəni Exnaton Marfan sindromundan əziyyət çəksə də, bunu gizlətmək istəməyib. Bu isə o zamankı Misir incəsənəti üçün inqilabi ideya sayıla bilər. Çünki ənənəvi olaraq, heykəllər düzəldilərkən fironların “fit” olmasına diqqət yetirilirdi.
Piramidaların yanındakı insan başlı, aslan bədənli “Sfinks” isə ortancıl piramidanın sahibi Xefren tərəfindən inşa edilib. Uzun illər Sfinksin daxilindən piramidalara doğru tunellərin olması ilə bağlı mübahisələr aparılıb. Sonda bu nəticəyə gəlinib ki, daxildə tunel yoxdur. Sfinks tamamilə qayadan oyulub və ilk zamanlarda gözləri kristaldan olsa da, sonradan bu kristallar da piramidaların digər sərvətləri kimi talan edilib.
Sfinksin burnunun taleyi ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Bəziləri iddia edir ki, Sfinks burnunu 1798-ci ildə Napoleon qoşunlarının atdığı top mərmisi nəticəsində itirib. Digərlər isə deyirlər ki, Napoleon Misirə gələndə Sfinksi burunsuz görüb. Belə ki, 18-ci əsrə aid olan bəzi rəsmlərdə Sfinks burunsuz göstərilir. Saqqalın isə hazırda Britaniya muzeyində saxlandığı deyilir.
“Sülh şəhəri” - Şarm əl-Şeyx
Çoxsaylı sülh konfranslarına ev sahibliyi etdiyi üçün Şarm əl-Şeyxə “sülh şəhəri” də deyirlər. Cənubi Sinay qubernatorluğunun əsas inzibati mərkəzi olan şəhər 15 il İsrail işğalı altında qalıb və ancaq Kemp Devid sazişindən sonra Misirə qaytarılıb. Hazırda dünyanın məşhur turistik mərkəzlərindən birinə çevrilib.
Şarm zamanında xırda balıqçı qəsəbəsi olub və mətbuatda gedən məlumatların əksinə, hələ də rus turistlərin ən sevimli məkanlarındandır. Qaldığımız oteldən tutmuş şəhərdə baş çəkdiyimiz bütün mağazalarda rus turistlərə rast gəldik. Şarm əl-Şeyxin bütün xidməti personalı, hətta yerli bədəvi əhali belə rus dilini ruslardan pis bilmir. Safari turundan sonra qonağı olduğumuz bədəvi ingilis, rus dillərində səlis danışmasını turistlərə borclu olduğunu dedi. Hər dəfə safari turuna çıxan turistlər bu bədəvinin həsirdən düzəldilmiş məkanında bədəvi çayı içib istirahət edir, söhbətləşir, arzu edən dəvəyə minir. Bədəvi ərəblər isə səhradakı qayalıqları özlərinə məskən seçiblər.
Onu da qeyd edək ki, dünyanın əsas turizm cənnətlərindən olan Şarm əl-Şeyx bir müddət əvvəl Rusiyaya məxsus təyyarənin qəzaya uğradığı ərazi kimi gündəmi zəbt etmişdi. Qəza barədə müxtəlif versiyalar səsləndirilmiş, yekun nəticənin müəyyənləşdirilməsi ilə bağlı isə, Almaniya, Fransa və Rusiyanın da olduğu təhqiqat komissiyası yaradılmışdı. Rusiya tərəfi göyərtədə bomba olduğunu və nəticə etibarilə aeroportda təhlükəsizlik qaydalarına lazımi qədər diqqət yetirilmədiyini iddia etmişdi. Lakin Misir tərəfi hər hansı məlumatın gizlədilmədiyini və yekun informasiya üçün təhqiqatın nəticələrini gözləmək lazım olduğunu bildirmişdi.
Cənubi Sinayın qubernatoru Xalid Fuda bizimlə söhbətində bildirdi ki, Şimali Sinayda baş verənlər Cənubi Sinayda vəziyyətə təsir etməyib: “Hadisənin baş verdiyi yerlə Şarm əl-Şeyx arasında 700 km məsafə var. Şimali və Cənubi Sinay arasında isə iki qoşun hissələri yerləşdirilib. Onlardan biri Şimali Sinayda hərbi əməliyyatlar keçirir, digəri isə Cənubi Sinayla sərhədi qoruyur. Sizi əmin edirəm ki, Böyük Britaniya, Almaniya, Rusiya tərəfindən bizə verilən tövsiyələr hamısı nəzərə alınıb, həyata keçirilib. Şəhərin hər tərəfində təhlükəsizlik kameraları quraşdırılıb. Şəhər gözəldir və dünyanın müxtəlif yerlərindən, o cümlədən, Azərbaycandan turistlərin gəlişini gözləyir”.
Azərbaycanlı turistlər demişkən, qubernator Bakı və Şarm əl-Şeyx arasında birbaşa reysin açılmasından da danışdı. Onun sözlərinə görə, Tbilisidən Şarm əl-Şeyxə uçan turistlərin əksəriyyətini gürcülər deyil, azərbaycanlılar təşkil edir. Onun fikrincə, birbaşa reysin açılması ilə bağlı danışıqlar da yəqin ki, uğurla nəticələnəcək.
“Bütün bunlar dünyaya bir mesajdır ki, Şarm əl-Şeyxdə təhlükəsizlik yüksək səviyyədə qorunur, hazırda top öz vətəndaşlarını bu şəhərə buraxmayan ölkələrin meydançasındadır” ,- deyə Xalid Fuda bu məsələ ilə bağlı son fikrini çatdırdı.
Beləcə, Şarm əl-Şeyxlə Misir səfərimizi yekunlaşdırdıq. Hər daşı tarix olan bu ölkəni gəzib-öyrənmək üçün yəqin bir ömür yetməz. Başdan-başa zənginliklərlə dolu Misirin ən böyük sərvətinin nə olduğu barəsində isə istənilən fikir yürütmək olar. Kimi piramidaları, kimi Sfinksi, kimi də elə turistik şəhərləri Misirin ən böyük dəyəri hesab edə bilər. Amma mənə görə, Misirin ən böyük sərvəti elə istiqanlı, mehriban misirlilərdi...
Bakı-Qahirə-Şarm əl Şeyx-Bakı