Ukraynanın Xarkov şəhər məhkəməsi ölkənin keçmiş baş naziri, məhbus Yuliya Timoşenkonun şikayətini təmin etməyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Kaçanov həbsxanası komissiyası keçmiş hökumət başçısının qalan cəza müddətini şərti işlə əvəz edilməsi təklifi ilə məhkəməyə müraciət etmişdi.
Məhkəmənin qərarı açıqlandıqdan sonra məhbusun vəkili Aleksandr Plaxotnyuk bildirib: «Bu qərardan appelyasiya qaydasında şikayət ediləcək. Müdafiə həmin şikayəti bu günlərdə hazırlayacaq».
Məlumata əsasən, ötən ilin dekabrında Timoşenko həbsxana rəhbərliyinə cəza rejiminin dəyişməsi ilə bağlı ərizə yazmışdı. Həmin müraciətdə o, sərbəst şəkildə şəhər çıxmasına icazə istəyirdi. Ancaq onun bu istəyi təmin olunmamışdı.
Xatırladaq ki, Timoşenko Rusiya ilə qaz müqaviləsi imzalayan zaman «səlahiyyət həddini» aşdığı üçün 7 il azadlıqdan məhrum edilib.