Dağıstanın paytaxtı Mahaçqalada bir gündə iki partlayış baş verib. Nəticədə 16 nəfər xəsarət alıb. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı açıqlamasında bildirib ki, yanvarın 17-i saat 19:40-da naməlum şəxs Boqatıryov küçəsində yerləşən “Zolotaya İmperiya” restoranını tank əleyhinə qumbaraatandan atəşə tutub.
Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəldikdə, restoranın yaxınlığında, “Lada Priora” markalı avtomobildə məsafədən idarə olunan əldəqayırma partlayıcı qurğu işə salınıb. Partlayışlar nəticəsində, polis əməkdaşları daxil olmaqla, 16 nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb.
APA TV-nin xəbərinə görə, hadisədən sonra paytaxtda terrorçuların tapılması istiqamətində əməliyyat keçirilib. Rusiya mətbuatında yer alan xəbərə görə, axtarışlar zamanı hüquq mühafizə orqanın əməkdaşları silahlıları Səməndər qəsəbəsində yerləşən bir evdə mühasirəyə alıb. Tərəflər arasında baş verən atışmada silahlılar öldürülüb. Yaraqlılar Mahaçqalada baş verən partlayışları törətməkdə şübhəli bilinir.