ABŞ kəşfiyyatının məlumatına əsasən, avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahın tətbiqi nəticəsində 1429 nəfər, o cümlədən 426 uşaq həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Amerikanın dövlət katibi Con Kerri bu haqda bəyanatla çıxış edib.
O, bu hücumu «ağlagəlməz dəhşət» adlandıraraq, qeyd edib ki, Bəşar Əsəd ordusu tərəfindən kimyəvi silah dəfələrlə tətbiq olunub, avqustun 21– dəki ilk hadisə deyil.
Onun sözlərin görə, raketin buraxıldığı yer, vaxtı və düşdüyü ərazi barədə ABŞ-da dəqiq məlumat var.
Con Kerri bildirib ki, Əsədin hərbçiləri kimyəvi hücumu əvvəlcədən hazırlaşıb: «Hücumdan 3 gün öncə suriyalı kimyəvi silah mütəxəssisləri həmin yerdə olublar. Hərbçilərə hücum zamanı əleyhqaz geymək əmir olunub».
Bəşar Əsəd rejimi isə bunları təkzib edir.