Son illər İranda islam dinindən çıxaraq, xristianlığı qəbul edənlərin sayı artmaqdadır. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, xristianlığı qəbul edən 5 nəfər tutulub.
ETTELAAT-ın Tehran əyaləti üzrə əməkdaşları 2013-cü il dekabrın sonunda mühəndis Hüseyni adlı şəxsin ev kilsəsi şəklində idarə olunan mənzilinə basqın edərək, onu və daha 4 nəfəri - Əhməd Bazbar, Faiqə Nəsrullahi, Məstanə Rəstigari və Əmirhüseyn Nemətullahi tutublar.
Onlar İsa Məsihin mövludunu qeyd etmək üçün həmin kilsə –evə toplaşıbmış, dua oxuyub dini ayinləri icra edərkən tutulublar.
Evdə yoxlama aparılıb, xristianlara məxsus dini kitablar, kompüterlər, CD-lər və başqa şəxsi əşyalar götürülüb.
Xatırladaq ki, İsa peyğəmbərin mövludu ilə bağlı İran prezidenti Həsən Ruhani ölkədəki erməniləri təbrik edib, onlara dua etdiyini söyləmişdi.