Güney Astarasında bir ABŞ dolları 40 min 150 reala satılıb.
Bu barədə «AzadlıqRadiosu»na İrandan yenicə dönən Azərbaycan vətəndaşları məlumat verib. İranda dollarla yanaşı Azərbaycan manatının da qalxdığı bildirilir. Hazırda bir manat 40 min 750 realdır.
Yanvarın ortalarında isə bir dollar 30 min 300 reala olub.
Müşahidəçilər İran realının qısa müddətdə ucuzlaşmasının bu ölkənin bazarlarında narazılıq yaratdığını da söyləyib. Ölkənin sərhədyanı ərazilərində yaşayan vətəndaşlar Azərbaycan manatına üstünlük verirlər. Çünki ABŞ dollarını bu ölkədə işlətmək qadağandır. Bununla belə, İranın «qara bazar»larında ABŞ dolları əsas rol oynayır.
İran realının ucuzlaşması Azərbaycan vətəndaşlarının bu ölkəyə axınını gücləndirib. Astara gömrük məntəqəsindən hər gün İrana minə yaxın adam keçir.