Qərbi Gürcüstanda, İmeret bölgəsində, Kutaisi yaxınlığındakı Gequt həbsxanasında minə yaxın məhbus aclıq elan edib.
Lent.az-ın «Novosti- Qruziya»-ya istinadən məlumatına görə, buna səbəb kimi onlar həbsxana rəhbərliyinin məhbuslarla sərt davranışını göstəriblər.
Həbsxananın ətrafına məhbusların ailə üzvləri və yaxınları toplaşıb. Olay yerinə Xalq müdafiəsi aparatının təmsilçisi Georgi Labadze də gedib.
«Məhbusun bədənində fiziki təzyiqlərin izləri var. Bunun mənşəyini ekspertiza müəyyənləşdirməlidir»-deyə, Labadze bildirib.
Cəzaların icrası naziri Sozar Subari jurnalistlərə olayla bağlı bunları söyləyib: «Bu cinayətkar aləmin avtoritetləri tərəfindən planlaşdırılmış aksiyasıdır. Son zamanlar bu qəbildən olanlar məhbuslara qarşı ciddi tədbirlər görülür. Bu, avtoritetlərin xoşuna gəlmədiyindən kütləvi aclıq aksiyası təşkil edib».
Onun sözlərinə görə, bir həftə öncə məhbuslar aclıq aksiyası keçirəcəkləri haqda Gürcüstanın ombudsmanı Uça Nanuaşviliyə məktub göndəriblər.