“Samtsxe-Cavaxetiyanın azad iqtisadi zona elan edilməsi ideyası Rusiyanın Gürcüstana qarşı hazırladığı məkrli planın bir hissəsidir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə fevralın 2-də Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Cavax diasporasının Gürcüstanın ermənilərin sıx yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində azad iqtisadi zona élan edilməsinin vacibliyi barədə yaydığı bəyanatı şərh edərkən bildirib.
“Acarıstanda Aslan Abaşidze bu mövzu ilə çoxdan möhtəkirlik edirdi. Bizə hiss edilmədən separatizm ideyası tətbiq edirlər. Abxaziyadan Ermənistana Gürcüstandan keçməklə dəmiryolunun açılması bu gün Gürcüstanın maraqlarına uyğun deyil. İkincisi odur ki, Çaxalyan həbsxanadan buraxıldıqdan sonra o qədər özündən çıxıb ki, hər gün belə bəyanatlar verir. Gürcüstanın mərkəzi hakimiyyətinə həmlə təşkil olunur. Onlar bu mövzunu həyata keçirməklə Cavaxetiyada vahid inzibati vahıdı yaratmaq istəyirlər. Əgər bu məqsəd baş tutarsa, bundan sonra Cavaxetiyanın muxtariyyəti və müstəqilliyi tələb olunacaq”, deyə Gürcüstan prezidenti qeyd edib.
M. Saakaşvili bildirib ki, biz Gürcüstanın inkişafını istəyirik: ”Biz dünyada artıq 9-cu yerdəyik və onu da itiririk. Bu reytinqlə Gürcüstan irəliyə getməli və hər yerdə lazımi iqtisadi mühit yaradılmalıdır. Azad iqtisadi zona yaradılması haqqında Ermənistan hakimiyyəti yox, orada yaşayan ermənilər yox, kütləvi şəkildə digər ictimaiyyət söhbət açır. Biz SES tikmişik, Axalsixidə turizm mərkəzi yaradmışıq, böyük dəmiryolu tikirik, yol çəkmişik ki, onlar bu inkişafdan xeyir görsünlər. Bu barədə Rusiyanın erməni diasporu deyir. Deməli, bu təşəbbüs Rusiyadan gəlir və onun planının bir hissəsidir. Gürcüstan hakimiyyəti bu təşəbbüsün həyata keçirilməməsi üçün hər şey etməlidir. Bu, sadə məsələ deyil. Bunu biz ötən illərdə görmüşük”, deyə Saakaşvili bildirib.