Fələstinin aparıcı fraksiyalarının təmsilçiləri yanvarın 30-da muxtariyyatın başçısı Mahmud Abbasın rəhbərliyi ilə texnokratlardan, müstəqil siyasətçilərdən ibarət milli birlik hökuməti yaradılmasına dair razılığa gəliblər.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, qurulacaq yeni hökumət keçid dövründə mövcud olacaq. O, parlament və prezident seçkilərinə, eləcə də muxtariyyatdakı başqa idarəetmə işlərinə nəzarət edəcək.
Qahirədə Mahmud Abbasla «HƏMAS» siyasi bürosunun başçısı Xalid Məşəl arasında keçirilən danışıqlar zamanı Fələstindaxili problemlərin tənzimlənməsinin şərtləri razılaşdırılıb. Yanvarın 30-u milli birlik hökumətinin yaranması üçün son müddət hesab olunub.
FƏTH–lə «HƏMAS» mətbuatda biri-birinə qarşı çıxış etməyəcəkləri barədə də razılığa gəliblər. Bundan başqa tərəflər barış şərtlərinin yerinə yetirilməsinə nəzarət üçün özəl komissiya da yaradıblar.
Mərkəzi Seçki Komissiyası bu ayın sonunadək seçkilərə hazırlıq üçün öz işini bərpa edəcək.