Bu gün müstəqil Estoniyanın tarixində ən irimiqyaslı “Siil-2018” hərbi təlimləri başlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
2-14 may tarixlərində keçiriləcək təlimlərdə 15 mindən çox hərbçi, polis, xilasedici, habelə NATO-ya üzv və tərəfdar olan 15 ölkədən - Britaniya, ABŞ, Danimarka, Almaniya, Polşa, Fransa, Latviya, Litva, Belçika, Kanada, Finlandiya, İsveç, Gürcüstan, Ukrayna və İrlandiyadan 2000-dək hərbçi iştirak edəcək.
Təlimlərdə Belarus, Çexiya, Danimarka, Finlandiya, Almaniya, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, İsveç, Britaniya, Ukrayna, ABŞ, NATO-nun Avropadakı Baş Qərargahından 31 müşahidəçi iştirak edəcək.