Ermənistan hökuməti lavaşı UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etməyə hazırlaşır. İrəvanın bu addımı İranı hiddətləndirib. Bu ölkənin alimləri lavaşın qədim İran çörəyi olduğunu deyirlər. Eyni zamanda İran İslam Respublikasının Mədəni İrs və Turizm Təşkilatının Tarixi və Təbii Abidələrin Qeydiyyatı və Mühafizəsi Ofisinin müdiri Fərhad Nəzəri Ermənistanla bərabər İranın da lavaşın YUNESKO-nun siyahısına daxil etməklə bağlı müraciət edə biləcəyini deyib.
Ermənistan artıq bu il lavaşın qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi ilə bağlı UNESKO-ya müraciət etmək niyyətindədir.
Daha öncə İran tar sənəti və çövkən at idman növünün UNESKO-da Azərbaycanın qeyri-maddi mədəni irsi kimi siyahıya alınmasına etiraz etmişdi. Eyni zamanda Ermənistanla da bu sahədə fikir ayrılıqları olub. Azərbaycan bu ölkənin qədim aşıq sənətini öz irsi kimi təqdim etməsinə dəfələrlə etiraz edib.