Artıq bir neçə gündür “ArmRosQazprom” QSC-nin fəaliyyətinin dayandırılması və səhmlərinin alqı-satqısı haqqında Ermənistan-Rusiya sazişlərinin ratifikasiyasına etiraz əlaməti olaraq İrəvanda ölkə parlamentinin binası qarşısında aksiya keçirilir.
APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, bu gün səhərdən etibarən də parlament binası qarşısına etirazçı vətəndaşlar toplaşıb. Onlar deputatları “xain”, “satqın”, “kölə” şüarları ilə qarşılayırlar.
Hazırda polis iştirakçılara aksiyanın qanunsuz olduğu və ictimai asayişi pozanların məsuliyyətə cəlb olunacağı haqqında xəbərdarlıq səsləndirir.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-də İrəvana səfəri zamanı imzalanmış dövlətlərarası sazişlərin ratifikasiyası gözlənilir. Sənəd 2043-cü ilədək Ermənistana digər şirkətin qaz idxal etməsini qadağan edir.