Ermənistan sərhədçilərinin güllələdiyi 35 yaşlı Türkiyə vətəndaşı Mustafa Ülkər həyatını itirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Türkiyə-Ermənistan sərhədində, Arpaçay istiqamətində yaylaqda qoyun sürüsünü otaran Mustafa Ülkər Ermənistan torpaqlarına keçən qoyunları qaytarmaq üçün sərhədi keçib.
Bu zaman erməni sərhədçilər ona atəş açıb və Mustafa Ülkər ağır yaralanıb. Qars valisi Eyub Tepe bu gün Mustafa Ülkərin ölüm xəbərini aldıqlarını açıqlayıb. Hazırda Mustafa Ülkərin cəsədinin Ermənistandan alınması istiqamətində iş getdiyini və yaxın saatlarda cəsədin Türkiyə tərəfinə təhvil veriləcəyini gözlədiklərini bildirib. Qars valisi erməni sərhədçilərin hədsiz sərt davranış sərgilədiklərini vurğulayıb: “Mustafa Ülkərin əlində silah, başqa bir şey yox idi, ancaq onu güllələyiblər. Vəziyyət budur...”.