Ərdoğan Türkiyədəki son həbslərə görə nurçuları günahlandırdı
17 dekabr 2013 17:17 (UTC +04:00)

Ərdoğan Türkiyədəki son həbslərə görə nurçuları günahlandırdı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə bu gün səhər həyata keçirilən həbslərə dolayı yolla münasibət bildirib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Konya şəhərində İdman və Konqres Mərkəzinin açılışında yerli əhali qarşısında çıxış edərkən ad çəkmədən son polis əməliyyatında nurçuları günahlandırıb. “İstədikləri qədər çirkin yollara baş vursunlar, Türkiyədə söz millətindir, qərar millətindir, səlahiyyət millətindir. Haqdan və haqq mücadiləsindən vaz keçməyəcəyik”, deyə o, söyləyib.   

 

Baş nazir heç bir təhdidə boyun əyməyəcəklərini bildirib: “Arxasında çetelər olan qüvvələr bu millətə istiqamət verə bilməz. Türkiyə, üzərində əməliyyat aparılacaq ölkə deyil. Kimin nə haqq-hesabı varsa, 30 martda seçki keçiriləcək, seçkiyə girsinlər, millətlə orada görüşsünlər. Seçkidən kənarda haqq-hesab çəkmək istəyənlərə nə millət, nə də biz icazə verərik. Türkiyə banan respublikası deyil, çiynənəcək qəbilə dövləti deyil. İçəridən və kənardan kimsə mənim ölkəmi qarışdıra bilməz, mənim ölkəmə çirkin tələlər qura bilməz. Birilərinin topu, tüfəngi, hiyləsi varsa, bizim də Allahımız var, o, bizə yetər”.

 

Qeyd edək ki, Türkiyədə son vaxtlar Ədalət və İnkişaf Partiyası (AKP) ilə “Fətullah Gülən camaatı” adlandırılan nurçular arasında münasibətlər gərginləşib. Hökumət əksəriyyəti nurçu iş adamlarına məxsus olan və “dersane” (dərsxana) adlandırılan ali məktəblərə hazırlıq kurslarını bağlamaq qərarını verdikdən sonra iki tərəf arasında münasibətlər kəskinləşib. Bu gün aralarında 3 nazir övladının da olduğu bir sıra şəxslərin rüşvət və korrupsiya ittihamı ilə həbsi nurçuların hökumətə cavab zərbəsi kimi qiymətləndirilir. Belə ki, son illər Türkiyənin hüquq-mühafizə sistemində nurçuların mövqeyi xeyli möhkəmlənib. Polis, prokurorluq və məhkəmə orqanlarında qərarların qəbulunda onların ciddi rolu var. Nazir övladlarının həbsinə cəsarət etməsi bu qüvvənin qüdrətindən xəbər verir. AKP hökumətinin “Gülən camaatı”na cavabını Türkiyədə hər kəs maraqla gözləyir...        

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2336
avatar

Oxşar yazılar