İŞİD terror qruplaşmasının sıralarına qoşulan əcnəbilərin sayı son bir ildə 10 dəfə azalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İŞİD-ə qarşı əməliyyatlar üzrə komandan müavini general-mayor Piter Gersten deyib.
Onun sözlərinə görə, ABŞ-ın hesablamalarına əsasən, ötən il İŞİD sıralarında ayda 1500-2000 əcnəbi qatılırdı: “Hazırda bu rəqəm orta hesabla 200 nəfər təşkil edir”.
“İŞİD sıralarında fərarilik halları artır, onların döyüş ruhu sarsılıb. Onlar döyüşçülərinə haqlarını ödəyə bilmirlər, onlar artıq əvvəlki kimi savaşa bilmirlər”, - deyə general qeyd edib.
Qeyd edək ki, ABŞ və onun müttəfiqləri 2014-cü ildə İŞİD-ə qarşı əməliyyat aparır. Pentaqonun son hesablamalarına görə, İŞİD sıralarında 25-30 min silahlı döyüşür.