ABŞ Senatının on komitə sədri İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, onların hamısı Demokratlar Partiyasının üzvüdür. Tim Conson (ABŞ Senatının Bankçılıq Komitəsinin sədri), Dayan Faynştayn (Kəşfiyyat), Karl Levin (Silahlı Qüvvələr), Barbara Mikulski (Büdcə Təxsisatları), Barbara Bokser (Ekologiya), Con Rokfeller (Ticarət), Tom Karper (Milli Təhlükəsizlik), Patrik Lihi (Ədliyyə), Ron Vayden (Enerji) və Tom Harkin indiki şəraitdə İrana qarşı sanksiya tətbiq edilməsini məqbul saymayıblar.
Qeyd edək ki, ABŞ Senatının bir qrup üzvü İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyirlər. Layihə dekabrın 19-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez tərəfindən 25 senatorun imzasının olduğu məktubla quruma təqdim edilib. Onlardan 13-ü Respublikaçılar, 13-ü isə Demokratlar partiyalarından olan senatorlardır.
Bu layihə rəsmi Tehranın İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Planını yerinə yetirməyəcəyi və ya yekun sazişi imzalamaqdan imtina edəcəyi təqdirdə tətbiqini nəzərdə tutulur. Eyni zamanda layihə növbəti bir il ərzində İranın neft ixracına və bir neçə sənaye sektoruna sanksiya qoyulmasını özündə ehtiva edir. Bundan əlavə, layihə həmçinin ABŞ hökumətini İranın nüvə proqramının qarşısını almaq üçün həyata keçirəcəyi hərbi müdaxiləyə hər cür hərbi, diplomatik və iqtisadi dəstək verməyə məcbur edir.