ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasında toqquşmalar başlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bir müddət əvvəl Baltimorda polis tərəfindən saxlanılan 25 yaşlı qaradərili Freddi Qrey xəstəxanada dünyasını dəyişib.
Polis nümayəndələri bildiriblər ki, F.Qrey şəhərin kriminoqen cəhətdən qeyri-sabit bölgəsində tutulub. Bundan sonra şəhərdə iğtişaşlar başlayıb. Etirazçılar polisə daş və şüşə qablar atıblar. CNN telekanalı bir neçə asayiş keşikçisinin xəsarət aldığını bildirir.
Xatırladaq ki, ötən il avqustun 9-da qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirildikdən sonra Missuri ştatının Ferqyson şəhərini etiraz aksiyaları bürümüşdü, polis və etirazçılar arasında xəsarət alanlar olmuşdu.