Fevralın 8-də İranın Sistan-Bəlucistan əyalətinin Sərbaz şəhəri yaxınlığındakı Cəkiqur məntəqəsində İslam Respublikasının 5 sərhədçisi oğurlanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bəlucların milli haqları uğrunda mübarizə aparan «Ceyşül əl-Ədl» («Ədalət ordusu»”) bəyanat yayaraq, olayın məsuliyyətini üzərinə götürüb.
Onlar oğurladıqları sərhədçilərin fotolarını yayıb.
İran daxili qoşunlar komandanı İsmayıl Əhmədi-Müqəddm Pakistan tərəfinə öz etirazını bildirib.
Pakistanın Tehrandakı səfiri Nurməhəmməd Cədmani məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb. Ona «Ceyşül əl-Ədl»in Pakistan ərazisində fəaliyyət göstərməsi və İran sərhədçilərinin oğurlanması barədə etiraz notası təqdim olunub. Notada Pakistandan oğurlanan iranlı sərhədçilərin azadlığa buraxılması üçün ciddi atdım atması istənilib.
Hadisədən təəssüfləndiyini bildirən Pakistan səfiri məsələni öz ölkəsinin rəhbərliyinə çatdıracağını deyib.
«Ceyş əl-Ədl» sələfilərin silahlı qruplarından sayılır. Onun Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyi iddia olunur. Qrupun hərbi bazaları Pakistanın Bəlucistan əyalətində yerləşdiyindən oğurlanan sərhədçilərin Pakistan ərazisində olduğu təxmin edilir.
Xatırladaq ki, bir müddət öncə Sistan-Bəlucistan əyalətindəki sərhədçi məntəqəsinə basqın edilmiş və İranın 14 hərbçisi öldürülmüşdü. Həmin basqının məsuliyyətini «Ceyş əl-Ədl» üzərinə götürmüşdü.