Suriyanın Atme qəsəbəsində çadır düşərgələrindəki insanlar özlərini “Kurtlar Vadisi”ndəki personajlara bənzədən qruplaşmaların qorxusu altında yaşayır.
Lent.az-ın verdiyi məlumata görə, “The Times” qəzetinin müxbiri Antoni Loyd bu qruplaşma liderlərinin adamlarının düşərgələrdə yaşayanlara göndərilən yardımları zorla əllərindən aldıqlarının şahidi olub.
Yardımların paylaşdırılması ilə məşğul olan Abu Abdullah deyib ki, burada 3 ayrı qruplaşma düşərgəyə nəzarəti ələ keçirmək üçün rəqabət aparır. O bildirib ki, həmin qruplaşma üzvləri bir-birlərini və mülki şəxsləri öldürməyə hazırdırlar və bu, an məsələsidir. Abu Abdullah deyir ki, ən güclü qruplaşmalardan birinin lideri El Hal Zaza adlı şəxsdir və o, özünə “Kurtlar Vadisi”ndəki obrazlardan birinin adını - “Zaza Dayı” ləqəbini götürüb. Digər qruplaşmanın lideri Şeyh Salihdir. Bu iki qruplaşmanın üzvləri bir neçə gün əvvəl qovğa edib və bu qovğanın silahlı qarşıdurmaya dönəcəyi təhlükəsi yaşanır.