Mərkəzi Afrika Respublikasında davam edən münaqişə nəticəsində 935 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. APA-nın BMT saytına istinadən verdiyi məlumata görə, təşkilatın Qaçqınlarla İş üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, insanlar müharibədən qaçmaq üçün meşələrdə, kolluqlarda gizlənir, bu da humanitar təşkilatların həmin insanlara yardım etmək imkanlarını məhdudlaşdırır, xəstəliklərin yayılmasına şərait yaradır.
Qeyd edək ki, 2012-ci ilin noyabr ayından bəri Mərkəzi Afrika Respublikası vətəndaş müharibəsi şəraitində yaşayır. “Seleka” adlı separatçı qruplaşma prezident Fransua Bozizeni devirərək hakimiyyəti ələ keçirməyə çalışır. Hazırda ordu ilə separatçılar arasında döyüşlər davam edir.