Türk Tarix Qurumunun (TTK) sədri, professor Birol Çətin
23 aprel 2021 23:35 (UTC +04:00)

Türk Tarix Qurumunun (TTK) sədri, professor Birol Çətin

Türkiyəli tarixçi: "Osmanlı dövlətini soyqırımı ilə ittiham etmənin heç bir tarixi faktlara söykənən əsası yoxdur"

Türkiyə Respublikasının Türk Tarix Qurumunun (TTK) sədri, professor Birol Çətinin APA-ya müsahibəsi:

- Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən “1915-ci il hadisələri” beynəlxalq konfransında TTK-nın mövzu ilə bağlı 117 nəşri olduğunu bildirdiniz. Bu fəaliyyətlərinizin nəticəsi haqqında nə deyə bilərsiniz?

- Həm qurumumuz tərəfindən hazırlanan bu nəşrlərdə, həm də digər qurumlar, təşkilatlar və şəxslər tərəfindən aparılan araşdırmalarda, əlbəttə ki, mövzuya  müxtəlif aspektlərdən yanaşmalar var. Çünki bu məsələ əsas tarixi, siyasi və sosial tərəflər olmaqla bir çox sahəni əhatə edir. Buna baxmayaraq, qısaca vurğulanması lazım olan nəticə budur: mövzu ilə bağlı ölkəmizə və tariximizə qarşı ittihamlar tarixin elmi əsaslarına söykənməyən siyasi əsaslı yanaşmalardan irəli gəlir.

Tarixi mənbələrin elmi və qərəzsiz bir şəkildə araşdırılması nəticəsində açıq şəkildə görünən budur ki, həmin dönəmdə Osmanlı dövlətinin qəbul etdiyi deportasiya qərarı heç bir millətə qarşı mənfi münasibətdən qaynaqlanmayıb, bu, dövlətin təhlükəsizliyi baxımından atılan addım olub. Osmanlı dövləti öz təhlükəsizliyini qorumaq istiqamətində hərəkət edib, ancaq deportasiyanın da təhlükəsiz həyata keçirilməsi üçün bir mexanizm yaratmağa çalışıb. Hətta deportasiya zamanı baş verən neqativ hadisələr zamanı bu neqativ hallara laqeyd qalanlar xəbərdarlıq alıb və dövlət tərəfindən cəzalandırılanlar da olub. Bundan başqa, o dövrdə bütün ermənilər deportasiya edilməyib, dövlətin yüksək mənsəbli qurumlarında xeyli erməni mənşəli vəzifəlilərin olma faktları mövcuddur.

Qısaca bunu deyə bilərəm ki, Osmanlı dövlətini soyqırımı ilə ittiham etmənin heç bir tarixi faktlara söykənən əsası yoxdur, bu ittihamlar yalnız anti-Türkiyə siyasəti üçün istifadə olunan mexanizm halına gəlib. Ona görə də biz istəyirik ki, tarixi məsələlərdən siyasi parlamentlərdə və lobbilər vasitəsilə istifadə edilməsin, mənbələr əsasında elmi metodlarla müzakirələr aparmaqla həqiqətlər ortaya çıxarılsın.

- Ümumiyyətlə, bu mövzu ilə bağlı yeni nə fəaliyyətləriniz var?

- Türk Tarix Qurumu türk və Türkiyə tarixini hərtərəfli araşdırmaq və bu araşdırma nəticələrini dərc etmək səlahiyyətini daşıyır. Bu baxımdan bir çox aidiyyəti mövzular  kimi, 1915-ci il hadisələri ilə əlaqədar da tədqiqatlarımız davam edir. Bu istiqamətdə yeni araşdırmalar da nəşr olunub, daha əvvəl çap edilmiş əsərlərin yenidən nəşrinə ehtiyac olunanlar da dərc edilir və ya tərcümələr də çap olunmağa davam edir.

Pandemiya şərtlərində elmi konfranslarımız onlayn olaraq keçirilir. 1915-ci il hadisələri ilə əlaqədar tarixçi alimlərimizin, tədqiqatçı mütəxəssislərimizin “YouTube” və digər sosial media üzərindən ictimai rəyləri təqdim olunur, bu da çox ictimai marağa səbəb olduğu üçün belə fəaliyyətlərimizin daha da intensivləşməsi nəzərdə tutulub.

- Sözügedən konfransda rusiyalı politoloq Oleq Kuznetsov dedi ki, 1915-ci il hadisələri məsələsində Rusiya erməniləri dəstəklədiyinə görə itirdikləri olub. Bu baxımdan Rusiya və Türkiyənin elm adamlarının böyük elmi əməkdaşlığına ehtiyac var. Belə bir əməkdaşlığın baş tutması mümkündürmü?

- 1915-ci il hadisələrini müqayisəli və iştirakçı ölkələrin arxivlərini araşdıraraq öyrənmək, tutuşdurmaq, əlbəttə ki, faydalı olar. Oleq Kuznetsov 1915-ci ildəki erməni hadisələrinin bu günə qədər türk və rus alimləri tərəfindən akademik səviyyədə birgə fəaliyyətinin olmadığını dedi. Bunun nə səbəbə indiyədək olmadığını da düşünməliyik. Amma sözün doğrusu, rusiyalı həmkarlarımızın, elm adamlarının bu haqda fikirlərini bilmək istrədik.

- Antalya Elm Universitetinin professoru, hərb tarixçisi Mesut Uyar 1915-ci ilin müharibə və hərb tarixi baxımından kifayət qədər araşdırılmadığını bildirib. Sizin bununla bağlı düşüncəniz nədir?

- Birinci Dünya Müharibəsinə aid bir çox alt mövzular hərbi tarix və müharibə tarixi kontekstindən araşdırılsa da, 1915-ci il hadisələrinin Birinci Dünya Müharibəsinin daxilindəki yeri, mövqeyi qəsdən nəzərə alınmır.

Müharibə zamanı müəyyən bölgələrdə ermənilərə qarşı görülən bir tədbir sanki Osmanlı imperiyası tərəfindən müharibə mühitindən kənar tədbir olaraq xarakterizə olunur və müəyyən bölgələrdəki erməni əhalisini əhatə edən bu tədbirlər beynəlxalq aləmə elə şəkildə çatdırılır ki, guya bu, Osmanlı dövlətinin bütün coğrafiyasında baş verib.

Ona görə də Birinci Dünya Müharibəsinin tarixi gedişatında Anadolunun yeri, Osmanlı dövlətinin sərhədlərini qorumaq üçün savaşdığı cəbhələr və bu cəbhələrlə əlaqəli 1915-ci il hadisələrinə səbəb olan proses, Osmanlı imperiyasında yaşayan əhalinin tərkibi və yaşadıqları bölgələr nəzərə alınmaqla, o dövrdə bu müharibə əsasında savaşan digər dövlətlərin sərhədləri daxilində oxşar hadisələrin baş verib-verməməsi öyrənilmədən 1915-ci il hadisələri yaşanan dövrü və o dövrün şərtlərini anlamaq mümkün görünmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949
avatar

Oxşar yazılar