Misir piramidaları qədim dünyanın ən sirli memarlıq abidələrindən biri hesab olunur. Alimlər uzun illərdir onların kim tərəfindən və necə tikildiyini araşdırırlar. Bununla belə, bir çox insan bu nəhəng tikililərin yalnız insan gücü ilə inşa edilməsinin çətin olduğunu düşünür və müxtəlif mistik versiyalar irəli sürür.
Lent.az xəbər verir ki, süni intellekt isə mövcud ən məşhur və ehtimal olunan nəzəriyyələri analiz edərək mövzu ilə bağlı öz nəticələrini təqdim edib.
Süni intellektin fikrincə, piramidaların əksəriyyəti eramızdan əvvəl təxminən 2600-2500-cü illərdə minlərlə işçi tərəfindən tikilib. Arxeoloqların tapdıqları yaşayış məntəqələri, mis alətlər, daş çəkiclər, əhəngdaşı karxanaları və daşların daşınması barədə məlumatların qeyd olunduğu papiruslar bu versiyanı dəstəkləyir.
Giza piramidasının tikintisi nümunə kimi göstərilir. Məlumatlara görə, daş bloklar əvvəlcə Giza yaylasının yaxınlığındakı karxanalardan çıxarılırdı. Daha sonra bu bloklar nəm qumun üzərində xüsusi xizəklərlə daşınır, torpaq və ya kərpicdən hazırlanmış rampalar vasitəsilə yuxarı qaldırılırdı. Piramida yüksəldikcə rampalar da tədricən genişləndirilirdi.
Tarixi mənbələrə görə, bu işlər aylarla davam edə bilərdi. Tikinti işləri tez-tez Nil çayının daşdığı dövrdə aparılırdı. Həmin vaxt kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olmadığı üçün insanlar piramida tikintisində işləyirdilər.
Bununla belə, bəzi insanlar bu versiyaya şübhə ilə yanaşırlar. Onların fikrincə, daş blokların çəkisi çox böyük idi və bəziləri 5-12 ton ağırlığında olurdu. Bundan əlavə, blokların yerləşdirilməsindəki yüksək dəqiqlik və tikintinin miqyası da suallar doğurur.
Süni intellekt isə hesab edir ki, piramidaların tikintisində qeyri-adi heç nə yoxdur. Minlərlə insanın onilliklər boyu fasiləsiz çalışması və sadə mühəndislik üsullarından istifadə edilməsi belə böyük layihənin həyata keçirilməsini mümkün edə bilərdi.
Bununla yanaşı, süni intellekt qeyri-elmi versiyaları da qeyd edib. Bəzi nəzəriyyələrə görə, qədim sivilizasiyalar bu gün bizə məlum olmayan xüsusi texnologiyalara sahib olublar. Hətta bəzi fərziyyələrdə piramidaların tikintisində guya yadplanetlilərin kömək etdiyi iddia olunur. Lakin arxeoloqlar bu iddiaları təsdiqləyən heç bir sübut olmadığını bildirirlər.
Digər bir süni intellekt sistemi isə fərqli ehtimal irəli sürüb. Onun fikrincə, qədim misirlilər çox inkişaf etmiş biliklərə malik idilər. Onlar astronomiya və həndəsəni yaxşı bilirdilər, ulduzları müşahidə edir və tikinti prinsiplərini dəqiq hesablayırdılar.
Bu versiyaya görə, bəzi bloklar daşınmayıb, tikinti sahəsində hazırlanmış ola bilər. Əhəngdaşı qırıntıları, su və xüsusi maddələr qarışdırılaraq bir növ qədim beton əldə edilib və qəliblərə tökülərək bloklar hazırlanıb. Müasir tədqiqatlar blokların çoxunun təbii daş olduğunu göstərsə də, bəzi hissələrin bu üsulla hazırlanması ehtimalı tam istisna edilmir.
Başqa bir ehtimala görə isə tikinti materialları Nil çayının daşması zamanı su yolu ilə daşınıb. Qədim misirlilər kanallar qazaraq daşları sal və qayıqlarla tikinti sahəsinə çatdırmış ola bilərlər. Arxeoloqların piramidalar yaxınlığında qədim kanalların izlərini tapması bu ehtimalı qismən dəstəkləyir.
Nəticə olaraq süni intellekt belə qənaətə gəlir ki, Misir piramidalarını insanlar tikib. Lakin bu prosesdə müxtəlif tikinti üsulları, sadə mühəndislik həlləri, böyük işçi qüvvəsi və uzun illər davam edən zəhmət bir araya gəlib. Qədim misirlilərin istifadə etdiyi bəzi texnologiyalar isə zamanla itib və bu gün tam şəkildə məlum deyil.