Amerikalı Moris Heystinqs törətmədiyi cinayətə görə 38 il Kaliforniya həbsxanasında keçirdikdən sonra 25 milyon dollar məbləğində kompensasiya alıb.
Lent.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu məhkumun vəkilləri deyiblər.
Bildirilir ki, bu, ştat tarixində ədalətsiz məhkumiyyətə görə ən böyük kompensasiya ödənişidir.
Heystinqs 1983-cü ildə baş vermiş qətldə günahsız olduğunu sübut edən DNT ekspertizasından sonra 2022-ci ildə azadlığa buraxılıb. O, 2000-ci ildə testin aparılmasına nail olmağa çalışıb, amma test ancaq 2021-ci ildə aparılıb. Analiz göstərib ki, qurbanın bədənində tapılan sperma məhkuma aid deyil.
DNT-nin uyğun gəldiyi Kennett Paknett adlı şəxs isə həmin qətldən üç həftə sonra başqa bir işə görə həbs olunub. O, 2020-ci ildə həbsdə olduğu müddətdə vəfat edib.
2023-cü ildə məhkəmə rəsmi olaraq Heystinqsin günahsız olduğunu tanıyıb.