Rusiya diplomatların Praqadan qovulmasına cavab olaraq Çexiya istehsalı olan məhsulların idxalını məhdudlaşdıra bilər.
APA-nın məlumatına görə, bu barədə "Kommersant" hökumətdəki mənbələrinə istinadən xəbər verir.
Bildirilir ki, Rusiya hökuməti Çexiyaya qarşı iqtisadi sanksiyaların tətbiq olunma ehtimalını nəzərdən keçirir, çünki "Praqanın görünməmiş aqressiv hərəkətləri cavabsız qala bilməz, buna tamamilə güzgü şəklində cavab vermək mümkün deyil".
"Kommersant"ın həmsöhbətlərindən birinin dediyinə görə, sanksiyalar ilk növbədə 2020-ci ildə idxalı 38 mln. ABŞ dollarından çox olan Çexiya pivəsini şamil olunacaq, bu da 2019-cu illə müqayisədə 10% çoxdur.
Qeyd edək ki, ötən həftə Çexiya Rusiyanı 2014-cü ildə Vrbetitsedə sursat anbarında baş verən partlayışda günahlandırıb və 18 səfirlik işçisini ölkədən çıxarıb. Moskva, buna cavab olaraq, Çexiyanın diplomatik nümayəndəliyinin 20 işçisini “persona non-qrata” elan edib və silah anbarındakı hadisədə iştirak ittihamlarını əsassız adlandırıb.