Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
29 may 2026 16:53 (UTC +04:00)

Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər

0

Çində məşhur bloqer itlə bağlı faciəli hadisə böyük rezonans doğurub. Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan Çutou adlı border-kolli oğurlanıb, daha sonra isə onun kəsilərək yeyildiyi məlum olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, border-kolli cinsindən olan Çutou səkkiz il ərzində tanınmış səyahət bloqeri Quonun sadiq yol yoldaşı olub. Onlar birlikdə ölkənin müxtəlif bölgələrinə səyahət edib, çoxsaylı mənzərəli yerləri gəziblər. Məhz bu səfərlər itin sosial media hesabına böyük populyarlıq qazandırıb. Milyonlarla çinli ağıllı və yaraşıqlı border-kollinin macəralarını izləyirdi. Çutou təkcə ev heyvanı deyil, həm də ailənin bir üzvü və gəlir gətirən internet siması hesab olunurdu.

Hadisə mayın 11-də baş verib. Məlumata görə, it adətən sahibinin atası tarlada işləyəndə, onun yanında olurmuş. Lakin həmin gün qəfil yoxa çıxıb. Ailə dərhal təşvişə düşərək polisə müraciət edib və heyvanın tapılmasına kömək edəcək etibarlı məlumat üçün mükafat vəd edib.

Oğurluq anı

Polis ərazidəki müşahidə kameralarının görüntülərini araşdırmağa başlayıb. Qısa müddət sonra videolarda skuterlə hərəkət edən bir kişi və qadının iti götürərək naməlum istiqamətə apardığı müəyyən olunub.

Axtarışlar iki həftə davam etdikdən sonra hüquq-mühafizə orqanları Çutounu küçədən götürən şəxsi müəyyən edib. Saxlanılan şəxs ifadəsində itin sahibsiz olduğunu düşündüyünü və buna görə sahibini axtarmadan onu vasitəçiyə satdığını bildirib. Sosial şəbəkə ulduzu olan itin cəmi 25 ABŞ dollarına satıldığı məlum olub.

Lakin ən ağır xəbər bundan sonra ortaya çıxıb. İstintaq zamanı məlum olub ki, vasitəçi itə yeni sahib axtarmaq əvəzinə onu ət üçün kəsib. Beləliklə, Çutou yeyilib.

Səkkiz illik dostunun dəhşətli aqibətini öyrənən bloqer Quo emosiyalarını saxlaya bilməyib. Hazırda polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Çutoun sahibi artıq təqsirkar şəxslərə qarşı iddia qaldırmaq üçün zəruri sənədləri toplamağa başlayıb. O, itin yalnız cins heyvan kimi bazar dəyərini deyil, həm də milyonlarla izləyicisi olan məşhur internet siması kimi yüksək kommersiya dəyərini sübut etməyi planlaşdırır.

Əgər məhkəmə vurulan zərərin böyük və ya xüsusilə böyük həcmdə olduğunu müəyyən etsə, şübhəliləri təkcə inzibati cərimələr deyil, həm də real cinayət məsuliyyəti gözləyə bilər. Çində bu cür hüquq pozuntularına görə cəzaların kifayət qədər sərt olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar