İrlandiyanın Lids şəhərindəki əmək tribunalı mühasib Bernadett Heysin bir neçə ay ərzində rəhbəri tərəfindən alçaldıcı və irqçi istehzaya məruz qalması ilə bağlı iş üzrə qərar çıxarıb. Məhkəmə işəgötürəni Heysə 31 min dollar məbləğində kompensasiya ödəməyə məcbur edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, iş materiallarına görə, tikinti şirkətinə rəhbərlik edən Mik Atkins Heysin irland mənşəyini mütəmadi olaraq ələ salıb. Onların arasında fikir ayrılığı yarandığı zaman o, şişirdilmiş irland aksenti ilə “kartof” sözünü qışqıraraq onu lağa qoyub. Həmçinin əməkdaşın yanında digər millətlərə qarşı, o cümlədən pakistanlılar barədə təhqiramiz ifadələr işlədib.
Qərarı açıqlayan hakim Bakli bildirib ki, “subyektiv baxımdan bu davranış onun üçün açıq şəkildə düşmənçilik, alçaldılma və təhqir mühiti yaradıb”.
Məhkəmə vurğulayıb ki, ayrı-ayrılıqda hər bir söz müxtəlif cür yozula bilsə də, birlikdə götürüldükdə bu ifadələr irqi zəmin üzərində məqsədli təzyiq və təhqir mənzərəsi yaradır.
Məhkəmə iclasında çıxış edən Bernadett deyib ki, özünü çıxılmaz vəziyyətdə hiss edib: maliyyə səbəblərinə görə işdən çıxa bilməyib. Rəhbərindən isə bu davranışı dayandırmağı istəməyə qorxub, çünki onu qeyri-sabit xarakterli hesab edib.
“Bu, mənim özümə hörmətimi və özünə inamımı tamamilə sarsıtdı. Özümü dəyərsiz hiss edirdim, utanır və narahat olurdum. Ofisə daxil olanda fiziki olaraq özümü pis hiss edirdim”.