İordaniyada dövlət çevrilişinin qarşısı alındı
04 aprel 2021 05:53 (UTC +04:00)

İordaniyada dövlət çevrilişinin qarşısı alındı

İordaniyada kral ailəsinin üzvü Şərif Həsən ibn Zaid və Kral II Abdullanın keçmiş müşaviri, keçmiş maliyyə naziri Basem Avadallah Əmmanda həbs olunub.

APA xəbər verir ki, bu barədə İordaniyanın “Petra” xəbər agentliyi yazıb.

Məlumata görə, daha bir neçə nəfər “təhlükəsizlik səbəbindən” saxlanılıb.

Öz növbəsində, “Al Mayadeen” telekanalı xəbər verir ki, Əmmanda “II Abdullanı hakimiyyətdən uzaqlaşdırmaq üçün sui-qəsd” cəhdi ifşa edilib. Məlumata görə, keçmiş vəliəhd Həmzə ibn Hüseyn öz sarayında ev dustağı edilib. Bundan başqa, sui-qəsddə iştirak etməkdə şübhəli bilinən 20-yə yaxın yüksək rütbəli zabit və yuxarı nəsil nümayəndələri saxlanılıb.

Ancaq Əmmandakı rəsmi mənbə taxtın keçmiş varisi ilə bağlı məlumatları təkzib edib.

“Şahzadə Həmzə nəzarət altında deyil və bəzi medianın yazdığının əksinə olaraq onun hərəkət azadlığı heç bir şəkildə məhdudlaşdırılmayıb”, - deyə mənbə “Petra” agentliyinə bildirib.

40 yaşlı Həmzə ibn Hüseyn mərhum Kral Hüseyn ibn Talalın və xanımı Kraliça Nurun oğlu və Kral II Abdullanın ögey qardaşıdır. 1999-2004-cü illərdə İordaniyanın Vəliəhdi vəzifəsini icra edib. Hazırda taxtın varisi 26 yaşlı Şahzadə Hüseyn ibn Abdulla – II Abdulla və Kraliça Raniyanın böyük oğludur.

Bundan başqa, “Ammon” agentliyi yazır ki, səlahiyyətli orqanlar kralın keçmiş müşaviri, keçmiş maliyyə naziri Basem Avadallanı həbsdən əvvəl nəzarətdə saxlayıb. İddia olunur ki, keçmiş məmur “İsrailin lehinə torpaqla bağlı şübhəli danışıqlar” apardığı üçün tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Oxşar yazılar