Hindistan polisi Dehli yaxınlığında kirayə götürülmüş yaşayış binasında özünü səfir kimi təqdim edən şəxsi həbs edib və saxta diplomatik nömrəli avtomobillər aşkarlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Uttar Pradeş əyalətindəki Xüsusi Əməliyyat Qrupunun yüksək rütbəli polis zabiti Suşil Gule deyib ki, şübhəli şəxs özünü səfir kimi təqdim edib və guya xaricdə iş vəd edərək insanlardan pul alıb.
Polisin verdiyi məlumata görə, 47 yaşlı Harşvardhan Ceyn özünü “Seborqa Knyazlığı” və ya “Vestarktika Böyük Hersoqluğu” kimi “dövlətlərin” müşaviri və ya səfiri kimi təqdim edib.
Gulenin sözlərinə görə, polis Ceynə aid dünya liderləri ilə çəkilmiş çoxlu sayda saxta fotoşəkillər, Hindistan Xarici İşlər Nazirliyinin və təxminən otuz ölkənin saxta möhürlərini aşkar edib.
Gule həmçinin bildirib ki, Ceyn xaricdəki qondarma şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında da şübhəli bilinir. Ona qarşı sənədlərin saxtalaşdırılması, başqasının şəxsiyyətindən istifadə etmə və saxta sənədləri saxlama ittihamları da irəli sürülüb.
Polis paytaxt yaxınlığında Ceyn tərəfindən kirayələnmiş, bir neçə ölkənin beynəlxalq bayraqları ilə bəzədilmiş məkandan dörd saxta diplomatik nömrə nişanlı avtomobil, təxminən 4,5 milyon Hindistan rupisi (38 000 funt sterlinq) və digər xarici valyutada nağd pul müsadirə edib.
Vestarktika Böyük Hersoqluğu (və ya Vestarktika Protektoratı) Antarktidada yaradılmış ilk virtual dövlətdir. O, 2001-ci ilin noyabr ayında keçmiş ABŞ dəniz piyadası Trevis MakHenri tərəfindən qurulub. Vestarktika Qərbi Antarktidada yerləşən Meri Byrd torpağında yerləşir — MakHenrinin araşdırmalarına görə, bu ərazi heç bir dövlət tərəfindən tanınmayıb.
Seborqa Knyazlığı isə 1963-cü ildə eyni adlı kəndin sakinləri tərəfindən elan edilmiş tanınmamış bir “dövlətdir”. Bu kənd İtaliyanın inzibati bölgəsi olan Liquriyada, Fransa sərhədinə yaxın yerləşir. Bu qurum öz tarixini bir zamanlar mövcud olmuş feodal mülkiyyətinə bağlayır. Separatçıların fikrincə, həmin ərazinin İtaliya tərkibinə daxil olması hüquqi baxımdan rəsmi şəkildə təsdiqlənməyib.