“Ölkələrimiz arasında 1 mart 1921-ci ildə imzalanan müttəfiqlik müqaviləsində “iki ölkənin qədəri və səadəti bir-birilə əlaqəlidir” ifadəsi var. İdarəetmədə kim olursa-olsun, yaxşı günündə də, pis günündə də Əfqanıstanın yanında olmaq həm bir-birimizlə olan bağın, həm də qardaşlığımızın tələbidir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Əfqanıstanda yaşananları qiymətləndirən prezident Ərdoğan, Türkiyənin müvafiq qurumlarının “Taliban”la bir müddət əvvəldən diplomatik danışıqlar apardığını bildirib: ““Taliban”ın Türkiyəyə münasibəti diqqətlidir, əlaqədar qurumlarımız bir müddətdir onlarla danışıqlarını davam etdirir. Türkiyənin Əfqanıstandakı hərbiçiləri heç bir vaxt savaş mövqeyində olmayıb. ABŞ-ın geri çəkilməsindən sonra məqsədimiz hava limanının təhlükəsizliyini təmin edərək bu ölkənin təhlükəsizliyinə töhfə vermək idi. Bu bizim niyyətimizdir. Türkiyənin Əfqanıstanda olması həm də yeni idarəetmənin beynəlxalq səviyyədə işini asanlaşdıracaq. Əslində Kabil Beynəlxalq Hava Limanının istifadə olunması ilə bağlı ölkəmizin təklif etdiyi şərtlərin əhəmiyyətli bir hissəsi həmsöhbətlərimiz tərəfindən qəbul edilməyə başlanmışdı. “Taliban”ın ölkədə nəzarəti ələ keçirməsi ilə qarşımızda yeni bir mənzərə ortaya çıxdı. Ona görə də planlarımızı və danışıqlarımızı buna uyğun olaraq edirik”.
Türkiyə prezidenti daha əvvəlki müsahibələrində də “Taliban” rəhbərlərini qəbul edə biləcəyini xatırladaraq deyib ki, əfqan xalqının, oradakı türksoylu xalqların rifahı üçün və ölkəsinin mənafelərinin qorunması naminə hər cür əməkdaşlığa hazırdır: ““Taliban” rəhbərliyinin müsbət və mülayim mesajlarını da təqdir edirik”.
Türkiyə Prezidenti “Taliban” rəhbərliyi mövzusunda Almaniya kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqı liderlərilə danışıqlar aparacağını da vurğulayıb.