Uzun illər dünyanın ən çox əhalisi olan şəhəri sualına cavab birmənalı idi – bu, Yaponiyanın paytaxtı Tokio hesab olunurdu. Lakin BMT-nin son hesabatlarında tətbiq edilən yeni hesablama metodologiyası qlobal reytinqi əhəmiyyətli dərəcədə dəyişib.
Lent.az xarici mediaya istinadən dünyanın ən böyük beş şəhərinin siyahısını təqdim edir.
1. Cakarta (İndoneziya)
Yeni metodologiya Cakartanı ətraf şəhərlərlə birlikdə (Böyük Cakarta – Cabodetabek regionu) qiymətləndirərək onu reytinqin ilk pilləsinə yüksəldib.
Əhali: 41,9 milyon nəfər
Ümumi sahə: 4883 km²
Tikilmiş ərazi: 1162 km²
Əhali sıxlığı: hər km²-ə 36 066 nəfər
Orta aylıq xalis əməkhaqqı: təxminən 450 ABŞ dolları
Şəhərin əsas problemlərindən biri su təhlükəsidir. Cakartadan 13 çay keçir və şəhər ərazisinin təxminən 40 faizi dəniz səviyyəsindən aşağıda yerləşir. Yeraltı suların uzun illər nəzarətsiz istifadəsi və hündür binaların ağırlığı nəticəsində şəhər tədricən çökür. Buna görə də İndoneziya hökuməti paytaxtı Borneo adasında inşa edilən Nusantara şəhərinə köçürmək qərarı verib.
2. Dəkkə (Banqladeş)
Banqladeşin paytaxtı dünyanın ən sıx məskunlaşmış şəhərlərindən biridir.
Əhali: 36,6 milyon nəfər
Ümumi sahə: 6812 km²
Tikilmiş ərazi: 456 km²
Əhali sıxlığı: hər km²-ə 80 271 nəfər
Orta aylıq xalis əməkhaqqı: təxminən 280 ABŞ dolları
Dəkkənin əsas simvollarından biri üçtəkərli velorikşalardır. Onların üzərindəki rəngarəng rəsmlər və bəzəklər UNESCO tərəfindən qeyri-maddi mədəni irs nümunəsi kimi tanınıb. Bu nəqliyyat vasitələri şəhərin tıxac probleminin qismən həllinə kömək edir.
3. Tokio (Yaponiya)
Tokio liderliyini itirsə də, dünyanın ən zəngin və rahat meqapolislərindən biri olaraq qalır.
Əhali: 33,4 milyon nəfər
Ümumi sahə: 5148 km²
Tikilmiş ərazi: 1521 km²
Əhali sıxlığı: hər km²-ə 21 965 nəfər
Orta aylıq xalis əməkhaqqı: təxminən 2430 ABŞ dolları
Tokio böyük tikilmiş əraziyə malik olduğundan sakinlər digər iri şəhərlərlə müqayisədə daha geniş yaşayış məkanına sahibdirlər. Şəhərin Şincuku dəmiryolu stansiyası isə dünyanın ən işlək vağzalı hesab olunur. Buradan hər gün 2,7 milyondan çox sərnişin istifadə edir.
4. Yeni Dehli (Hindistan)
Statistikaya yalnız Yeni Dehli deyil, Milli Paytaxt Regionuna daxil olan Qaziabad, Noida və Qurqaon şəhərləri də daxildir.
Əhali: 30,2 milyon nəfər
Ümumi sahə: 2101 km²
Əhali sıxlığı: hər km²-ə 53 678 nəfər
Orta aylıq xalis əməkhaqqı: təxminən 540 ABŞ dolları
Şəhərin nəqliyyat sisteminin əsasını metro təşkil edir. 2002-ci ildə cəmi 8,4 kilometrlik bir xəttlə fəaliyyətə başlayan Dehli metrosu hazırda 416 kilometr uzunluğunda, 303 stansiyadan ibarət geniş şəbəkəyə çevrilib.
5. Şanxay (Çin)
Şanxay Çinin maliyyə və sənaye mərkəzi olmaqla yanaşı, dünyanın ən mühüm logistika qovşaqlarından biridir.
Əhali: 29,6 milyon nəfər
Ümumi sahə: 2101 km²
Əhali sıxlığı: hər km²-ə 53 678 nəfər
Orta aylıq xalis əməkhaqqı: təxminən 1690 ABŞ dolları
Şanxay limanı ötən il 51,5 milyon standart konteyner (TEU) emal edərək dünya rekordu müəyyənləşdirib. Beləliklə, liman illik 50 milyon konteyner həddini aşan ilk liman olub və artıq 15 ildir ki, bu sahədə dünya lideridir.