Əfqanıstan Prezidenti Əşrəf Qani şənbə günü “Taliban” üzərində erkən qələbə qazanacağına inandığını bildirib.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
“Tezliklə “Taliban” hərəkatını məğlub edəcəyik”, telekanal prezidentdən sitat gətirib.
Qeyd edək ki, daha əvvəl Əfqanıstan səlahiyyətliləri ilə “Taliban” arasında atəşkəsə nail olmaq üçün hökumət, siyasi liderlər və beynəlxalq tərəfdaşlarla təcili məsləhətləşmələrin başladığını elan edib.
Yerli “1TVNews” telekanalının yaydığı məlumata görə, görüşdə, xüsusən, Kabulun təhlükəsizliyinin təmin edilməsi planı təqdim edilib.
Xatırladaq ki, bu günə qədər “Taliban” Əfqanıstanın 34 əyalətindən 22-nə nəzarət edir. Bir çox şəhər döyüşmədən təslim olub. Son məlumatlara görə, Əfqanıstanın şimal -qərbində, Türkmənistan sərhədi yaxınlığındakı Faryab əyalətinin inzibati mərkəzi olan Meimene şəhəri də “Taliban” silahlıları tərəfindən ələ keçirilib.