Böyük Britaniya parlamentinin bir qrup deputatı Rusiyanın "Maşa və Ayı" cizgi serialının ölkədə yayımlanmasının dayandırılması imkanının araşdırılmasını istəyib.
Lent.z xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Müraciətdə bildirilir ki, serialın bəzi epizodlarında Rusiya dövlət təbliğatı və sovet hərbi simvollarının elementləri yer ala bilər.
Liberal Demokratlar Partiyasından deputat Tom Qordonun təşəbbüsü ilə hazırlanan məktubu Leyboristlər, Mühafizəkarlar, Yaşıllar Partiyası, Şotlandiya Milli Partiyası və Plaid Cymru daxil olmaqla 50-dən çox deputat imzalayıb.
Deputatlar xüsusilə baş qəhrəmanın sovet tankçı dəbilqəsini xatırladan baş geyimində, sovet hərbi formasında və NKVD ilə əlaqələndirdikləri papaqda göründüyü epizodlara diqqət çəkiblər.