Britaniyanın Plimut şəhərində baş verən silahlı insident zamanı şübhəli də daxil olmaqla, azı 6 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə Devon və Kornvol polisinin rəsmi “Faceboo” səhifəsində
bildirilib.
“Hadisə zamanı iki qadın və iki kişi yerindəcə ölüb. Hücum edən şəxs də hadisə yerində dünyasını dəyişib. Hamısının güllə yaralarından öldüyü iddia edilir”, deyə məlumatda vurğulanıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zərərçəkənlərdən birinə yerində tibbi yardım göstərilsə də, xəstəxanada dünyasını dəyişib.
Polis hadisənin səbəblərini hələlik açıqlamayıb, araşdırma aparılır.
***
01:10
Britaniyanın Plimut şəhərində baş verən silahlı atışma nəticəsində bir neçə nəfər ölüb, bir neçə nəfər yaralanıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilib.
Qeyd edilib ki, avqustun 12-də yerli vaxtla saat 18:10-da (Bakı vaxtı ilə 21:10) Plimut şəhərinin Biddok-Drayv bölgəsinin Kiqam rayonunda odlu silahdan istifadə edilməsi ilə əlaqədar polis bölməsinə məlumat daxil olub. Dərhal hadisə yerinə hüquq -mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım maşınları gəlib. Hadisə yerində bir neçə ölən və yaralanan şəxsin olduğu bildirilir.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, hazırda polis vəziyyətə nəzarət edir.
***
00:40
Britaniyanın Plimut şəhərinə çoxsayılı təcili yardım və polis qüvvələri cəlb edilib.
APA-nın Britaniya bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, şəhərdə atışma baş verib, bir nəfərin öldüyü güman edilir.
Hadisə şahidlərinin dedikləri görə, hadisənin baş verdiyi ərazidə çox sayılı atəş səsləri eşidilib.
Millət vəkili Conni Merser hadisənin terrorla əlaqəli olmadığını və şübhəlinin axtarışda olmadığını bildirib.
Daxili işlər naziri Priti Patel hadisə ilə bağlı tvitter-də öz narahatlığını dilə gətirib: "Plimut hadisəsi şokedicidir və mən bu an hadisədən zərərçəkənləri düşünürəm”, deyə o bildirib.
Hadisənin təfərrüatları ilə bağlı digər məlumat verilməyib.