Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Algeti kəndinin sakinləri Qırmızı Körpü yolunu açıblar.
APA-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri bu addımı hüquq mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsindən sonra atıblar. Aksiyaya Marneuli Bələdiyyə Məclisinin “Avropalı Gürcüstan” partiyasından olan deputatı Əhməd İmamquliyev də qoşulub.
Hazırda şəhər merinin etirazçılarla görüşdüyü bildirilir. Merin müavini Laşa Lobjanidze bildirib ki, kəndin su təminatının reabilitasiyası istiqamətində 3 milyon lari dəyərində layihənin həyata keçirilməsi planlaşdırılır. Layihənin başa çatmasından öncə isə daşınan su vasitəsi ilə kəndin tələbatının ödənilməsinə başlanılacaq.
***
12:34
Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Algeti kəndinin sakinləri Qırmızı Körpüyə gedən mərkəzi magistral yolu bağlayıblar.
APA-nın yerli bürosu xəbər verir ki, sakinlər kənddə iki ildir su problemi olmasına, həmçinin kəndin təbii qazla təmin edilməməsinə etiraz ediblər. Aksiya iştirakçıları bildiriblər ki, Marneuli icra hakimiyyəti dəfələrlə problemin həll ediləcəyi barədə söz versə də, bu istiqamətdə heç bir addım atılmayıb.
Aksiyayla əlaqədar olaraq Qırmızı Körpü magistral yolunda avtomobillərin hərəkətində ləngimə olub.