Məşhur rejissor Kristofer Nolanın yeni "Odisseya" filminin bəzi səhnələrinin çəkildiyi İtaliyanın Favinyana adasının Avropanın yeni turizm mərkəzlərindən birinə çevriləcəyi gözlənilir.
Lent.az "Travel Off Path" nəşrinə istinadla xəbər verir ki, filmdə İtaka kimi təqdim olunan təpə üzərindəki qala, eləcə də baş qəhrəmanın səyahət etdiyi firuzəyi rəngli dəniz tamaşaçıların diqqətini çəkib.
Filmə marağın Favinyanaya turist axınını da artıra biləcəyi bildirilir. Favinyana qeyri-adi formasına görə "Aralıq dənizinin kəpənəyi" adlandırılır. Ada təxminən 19 kilometr uzunluğa malikdir, ən geniş hissəsi isə cəmi 9 kilometrdir. Kiçik olmasına baxmayaraq, burada çoxsaylı təbii görməli yerlər mövcuddur. Adanın böyük hissəsini bir neçə gün ərzində velosipedlə gəzmək mümkündür.
Nolanın yüzlərlə Aralıq dənizi adası arasından məhz Favinyananı seçməsinin dəqiq səbəbi açıqlanmayıb. Lakin adanın qayalı körfəzləri, qeyri-adi sahil xətti və təmiz dənizi filmin atmosferinə uyğun məkan yaradıb.
Filmdə görünən yerlərdən biri Kala Rossa körfəzidir. Bura Aralıq dənizinin ən gözəl körfəzlərindən biri hesab olunur. Hündür əhəngdaşı qayaları ilə əhatələnən sahildə su olduqca şəffaf və parlaq firuzəyi rəngdədir. Buna görə Favinyana bəzən "İtaliyanın Karib adaları" da adlandırılır.
Adanın digər məşhur məkanı Kala Azurra körfəzidir. Dayaz və kristal kimi təmiz suyu buranı üzgüçülük üçün əlverişli edir.
Daha fərqli mənzərə axtaran turistlər isə Bue Marinoya üz tuturlar. Qədim Roma dövründə burada əhəngdaşı karxanası fəaliyyət göstərib. Hazırda isə dənizə doğru uzanan ağ qayalar və çoxsaylı dəniz mağaraları ərazinin əsas özəlliklərindəndir.
Favinyana sahillərinin böyük hissəsi qayalı olduğundan qumlu çimərliklərin sayı azdır. Onlardan ən məşhuru Lido Burronedir. Qızılı qumu, dayaz sahili və təmiz suyu ilə seçilən çimərlikdə restoranlar fəaliyyət göstərir və şezlonq icarəyə götürmək mümkündür.
Adanın əsas üstünlüklərindən biri relyefinin böyük hissəsinin düzənlik olmasıdır. Buna görə turistlər arasında ən rahat nəqliyyat vasitəsi velosiped hesab edilir. Dar yolların avtomobillərin intensiv hərəkəti üçün uyğun olmaması da velosipedə marağı artırır.