Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qələbə qazanıb - RƏY
09 avqust 2026 15:45 (UTC +04:00)

Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qələbə qazanıb - RƏY

0

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla bu il avqustun 8-də telefon danışığı və həmin gün dövlət başçısının ABŞ Prezidentinə ünvanladığı məktub Azərbaycan-ABŞ münasibətlərinin, eləcə də Azərbaycan-Ermənistan sülh prosesinin son bir il ərzində keçdiyi inkişaf yolunun siyasi baxımdan mühüm yekunudur.

Ətraflı

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev APA-ya açıqlamasında bildirib ki, avqustun 8-də baş tutan telefon danışığı və Prezident İlham Əliyevin Donald Trampa məktubu 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşün nəticələrinin artıq konkret siyasi, iqtisadi və regional dividendlərə çevrildiyini göstərir:

“Bir il əvvəl Vaşinqtonda əsası qoyulan proses bu gün artıq yeni reallıq yaradıb. Azərbaycanla Ermənistan arasında sülh gündəliyi formalaşıb, regionda qarşıdurmadan əməkdaşlığa keçid başlayıb, Azərbaycan-ABŞ münasibətləri isə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyevin Donald Trampa məktubunda da vurğulandığı kimi, ötən il Vaşinqtonda keçirilmiş sammit Azərbaycanla Ermənistan arasında sülhün təməlini qoymaqla yanaşı, Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlığın əsasını formalaşdırıb”.

Vaşinqton sammiti tarixi dönüş nöqtəsi olub

Tural Gəncəliyev deyib ki, Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-də ABŞ-a səfəri həm Azərbaycan-ABŞ əlaqələrinin transformasiyası, həm də Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşması baxımından tarixi əhəmiyyət daşıyır:

“Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş görüş və imzalanmış Birgə Bəyannamə uzun illər davam edən münaqişənin yeni mərhələyə keçməsinə şərait yaradıb. Həmin sənəddə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında razılaşdırılmış saziş mətninin paraflanması, ATƏT-in Minsk qrupunun və onunla bağlı strukturların ləğvinə dair birgə müraciət, həmçinin TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb. Bu nəticələr təsadüfən meydana gəlməyib. Əldə olunan uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü və Azərbaycanın milli maraqlarına əsaslanan siyasətinin nəticəsidir. Dövlət başçısı bütün məsələlərdə Azərbaycanın maraqlarını ön planda saxlayıb, ardıcıl siyasət yürüdüb və heç bir təzyiq onu prinsipial mövqeyindən geri döndərə bilməyib. Azərbaycan Prezidentinin siyasətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, hər bir beynəlxalq proses ölkənin milli maraqları, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi kontekstində qiymətləndirilib”.

Bayden administrasiyasının səhvləri və Trampın fərqli yanaşması

Deputat ABŞ münasibətlərinin bugünkü səviyyəsini qiymətləndirmək üçün Co Bayden administrasiya dövründə yaranmış problemlərə də nəzər salmağı vacib sayıb:

“Bayden administrasiyası dövründəki yanaşma ABŞ-ın Azərbaycana münasibətində əvvəlki dövrlərdə ikitərəfli münasibətlərdə əldə edilmiş nəticələrə ciddi zərbə vurdu. Azərbaycanla bağlı birtərəfli yanaşmalar, regionda gedən proseslərin obyektiv qiymətləndirilməməsi, Azərbaycanın regionda aparıcı dövlət kimi rolunun lazımi səviyyədə nəzərə alınmaması münasibətlərə mənfi təsir göstərdi. Donald Tramp prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində mühüm dəyişikliklər baş verib və yeni administrasiya sülh, barış və qarşılıqlı maraqlar üzərində qurulan daha rasional yanaşmanı ön plana çıxarıb. Prezident Donald Trampın siyasətində sülh gündəliyi xüsusi yer tutur. Azərbaycanla münasibətlərə də bu prizmadan yanaşıldı. ABŞ yeni administrasiya dövründə Azərbaycanın regiondakı rolunu, potensialını və strateji əhəmiyyətini daha düzgün qiymətləndirməyə başladı. Bu, həm ikitərəfli münasibətlərə, həm də Cənubi Qafqazda sülh prosesinə müsbət təsir göstərdi. Azərbaycan-ABŞ əlaqələrinin transformasiyası ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Bu iki proses bir-birini tamamlayır. Cənubi Qafqazda sülh və sabitlik olmadan regionun iqtisadi potensialının reallaşdırılması mümkün deyil. Eyni zamanda regional bağlantıların, enerji və nəqliyyat layihələrinin inkişafı sülhün iqtisadi əsaslarını möhkəmləndirir. TRIPP məhz bu baxımdan yalnız nəqliyyat layihəsi deyil, həm də sülhün davamlılığını təmin edə biləcək mühüm geosiyasi və iqtisadi mexanizmdir”.

İlham Əliyevin Vaşinqton diplomatiyası

Tural Gəncəliyev qeyd edib ki, Prezident İlham Əliyevin Donald Trampla prezident seçilməzdən əvvəl və prezidentlik dövründə apardığı təmaslar da bugünkü nəticələrin formalaşmasında mühüm rol oynayıb:

“Prezident İlham Əliyevlə Donald Tramp arasında məktublaşmalar və təmaslar qarşılıqlı etimadın formalaşmasına xidmət edib. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş isə bu münasibətlərin praktiki nəticələrini ortaya qoydu. Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə işçi qrupun yaradılması haqqında anlaşma imzalandı və bununla ikitərəfli münasibətlərin yeni institusional çərçivəsi formalaşmağa başladı. Həmin proses cəmi altı ay ərzində konkret nəticə verib. 2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəd qarşılıqlı investisiyalar, ticarət, enerji, nəqliyyat və regional bağlantılar, süni intellekt, rəqəmsal infrastruktur, təhlükəsizlik və müdafiə kimi geniş sahələri əhatə edir. Bu, sadəcə siyasi bəyanat deyil, konkret əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən strateji sənəddir. Xartiyanın imzalanması göstərdi ki, Vaşinqtonda 2025-ci ilin avqustunda əldə olunan razılaşmalar artıq real layihələrə və institusional mexanizmlərə çevrilir”.

Azərbaycan-ABŞ münasibətlərində mühüm hadisə

Tural Gəncəliyev ABŞ-ın “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi ilə bağlı qərarını da Azərbaycan-ABŞ münasibətlərində mühüm hadisə kimi qiymətləndirib:

“907-ci düzəliş uzun illər Azərbaycan üçün ayrı-seçkilik xarakteri daşıyan siyasi alət olub. Bu məhdudiyyətin tətbiqinin dayandırılması və onun müddətinin uzadılması Azərbaycan-ABŞ münasibətlərində tarixi ədalətin bərpası baxımından mühüm addımdır. Prezident İlham Əliyevin Donald Trampa məktubunda da bu qərar xüsusi olaraq yüksək qiymətləndirilib. Bu məsələ Azərbaycan üçün yalnız texniki və ya hüquqi məsələ deyil, həm də uzun illər davam edən ədalətsiz yanaşmanın aradan qaldırılması baxımından prinsipial əhəmiyyət daşıyır”.

TRIPP regional sülhün iqtisadi dayağıdır

Deputat vurğulayıb ki, Vaşinqton sammitinin ən mühüm nəticələrindən biri də TRIPP layihəsinin siyasi müstəvidə həyata vəsiqə qazanmasıdır:

“TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsi ilə yanaşı, regionun nəqliyyat və logistika xəritəsini dəyişə bilər. Bu layihə Azərbaycan, Ermənistan, ABŞ və digər ölkələr üçün iqtisadi imkanlar yaradır. Ona görə də TRIPP-i yalnız Azərbaycanın Naxçıvanla bağlantısı kimi təqdim etmək düzgün deyil. Bu, Cənubi Qafqazı daha geniş beynəlxalq nəqliyyat və ticarət sisteminə inteqrasiya edə biləcək layihədir. Prezident İlham Əliyevin avqustun 8-də Donald Trampa göndərdiyi məktubda da TRIPP-in regional iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat bağlantılarının gücləndirilməsi və Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük potensiala malik olduğu vurğulanıb. Bu layihənin reallaşması sülhün iqtisadi dividendlərini daha da artıracaq. Artıq biz bunun ilk nəticələrini görürük. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarının başlaması, Azərbaycan neft məhsullarının və digər yüklərin Ermənistan istiqamətində tranzitinin həyata keçirilməsi sülhün real iqtisadi nəticələrə çevrilməsinin göstəricisidir”.

Azərbaycan həm müharibədə, həm də sülhdə qalib gəlib

Tural Gəncəliyev bildirib ki, Prezident İlham Əliyevin fəaliyyətinin ən mühüm nəticələrindən biri Azərbaycanın həm müharibədə, həm də sülh prosesində qalib olmasıdır:

“Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi bütün ərazisində tam təmin olundu. Bundan sonra isə Azərbaycan öz iradəsini sülh masasında ortaya qoydu. Bu baxımdan Prezident İlham Əliyevin həm müharibədə, həm də sülhdə qələbə qazandığını demək tamamilə əsaslıdır. Ermənistanın bu gün sülh tərəfdarı kimi təqdim etdiyi mövqe əvvəlki illərin reallığı ilə müqayisə edilməlidir. 2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları var idi. 44 günlük müharibə dövründə Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini, o cümlədən Gəncə və Bərdə kimi şəhərləri raket atəşinə tutdu. Müharibədən sonra da Ermənistanda revanşist çağırışlar və planlar davam edirdi. 2023-cü il antiterror tədbirlərindən sonra isə Ermənistan rəhbərliyi reallıqları qəbul etmək məcburiyyətində qaldı və sülh gündəliyinə keçid başladı. Azərbaycan sülh müqaviləsinin əsasını təşkil edən beş prinsipin müəllifidir. Bu beş prinsip Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan yanaşmadır. Söhbət dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin tanınmasından, ərazi iddialarının olmamasından, gələcəkdə bir-birinə qarşı güc tətbiqindən və digər məsələlərdən gedir. Azərbaycan bu prinsipləri ortaya qoymaqla sülhün hüquqi və siyasi çərçivəsini müəyyənləşdirib”.

Sülhə məcbur edən amil Azərbaycanın gücü oldu

Tural Gəncəliyev qeyd edib ki, Ermənistanın sülh masasına gəlməsinin əsas səbəbi Azərbaycanın hərbi-siyasi gücü və Prezident İlham Əliyevin ardıcıl siyasətidir:

“Ermənistan heç də bu gün özünü təqdim etdiyi kimi əvvəldən sülh tərəfdarı olmayıb. Əgər belə olsaydı, 30 ilə yaxın müddətdə Azərbaycanın torpaqları işğal altında qalmazdı. Ermənistanı sülhə gətirən əsas amillərdən biri Azərbaycanın gücü, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və yaratdığı yeni reallıqdır. Azərbaycan öz gücü hesabına yaratdığı yeni reallığı diplomatik müstəvidə də qoruyub və sülh prosesinin gündəliyini müəyyənləşdirib. Bu gün regionda sülh və təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, Azərbaycanla Ermənistan arasında iqtisadi və humanitar əlaqələrin bərpası və Ermənistanın öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması istiqamətində iş aparılması yeni reallığın nəticəsidir”.

Real nəticələr

Deputat 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmaların əhəmiyyətinin bir il sonra daha aydın göründüyünü söyləyib:

“Bəzən diplomatik sənədlərin əhəmiyyəti onların imzalandığı gün deyil, sonrakı proseslərdə üzə çıxır. Vaşinqton sammitinin nəticələri də məhz belədir. Bir il ərzində Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb, 907-ci düzəlişlə bağlı məhdudiyyətin dayandırılması davam etdirilib, TRIPP-in həyata keçirilməsi istiqamətində konkret addımlar atılıb. Azərbaycanla Ermənistan arasında da ötən bir il ərzində real dəyişikliklər baş verib. Bu gün biz Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələrinin ilk elementlərini görürük. Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması və Azərbaycan neft məhsullarının Ermənistan bazarına çıxarılması artıq sülhün yalnız siyasi anlayış olmadığını göstərir. Sülh insanların və dövlətlərin gündəlik həyatına, iqtisadi münasibətlərə və regional əməkdaşlığa təsir etməyə başlayıb”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin avqustun 8-də Donald Trampa göndərdiyi məktub həm ötən ilin nəticələrinə siyasi qiymət, həm də gələcək əməkdaşlığın istiqamətlərinin ifadəsidir:

“Prezidentin məktubunda Azərbaycan-ABŞ münasibətlərinin diplomatik əlaqələrin 34 illik tarixində ən yüksək səviyyəyə çatdığı vurğulanır. Bu, çox ciddi siyasi qiymətləndirmədir. Eyni zamanda, bu qiymətləndirmə konkret nəticələrə əsaslanır: Vaşinqton sammiti, Strateji Tərəfdaşlıq Xartiyası, yüksək səviyyəli qarşılıqlı səfərlər və təmaslar, regional bağlantı layihələri, enerji, investisiya, təhlükəsizlik və texnologiya sahələrində əməkdaşlıq. Avqustun 8-də Prezident İlham Əliyev və Donald Tramp arasında baş tutan telefon danışığı da bu münasibətlərin davamlı xarakter aldığını nümayiş etdirir. Telefon danışığının məhz Vaşinqton sammitinin birinci ildönümündə baş tutması simvolik əhəmiyyət daşıyır. Tərəflərin son bir ildə əldə olunan nəticələri, sülh prosesini, TRIPP layihəsini və strateji tərəfdaşlığın inkişafını müzakirə etməsi göstərir ki, 2025-ci ilin avqustunda başlanmış proses ardıcıl şəkildə davam edir”, - deputat bildirib.

Prezident İlham Əliyev yeni geosiyasi reallığın müəllifidir

Tural Gəncəliyev qeyd edib ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi siyasətin əsas nəticəsi Azərbaycanın regionda yeni geosiyasi reallıq formalaşdıran dövlətə çevrilməsidir:

“Azərbaycan 30 il ərzində işğalla üzləşmiş ölkədən öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən, regionda sülh gündəliyini müəyyənləşdirən və böyük dövlətlərin strateji tərəfdaş kimi qəbul etdiyi ölkəyə çevrilib. Bu transformasiya Prezident İlham Əliyevin düşünülmüş və uzunmüddətli siyasətinin nəticəsidir. Azərbaycan Prezidenti üçün əsas məsələ yalnız müharibədə qələbə qazanmaq olmayıb. Əsas məqsəd qələbədən sonra dayanıqlı sülh və təhlükəsizlik mühiti yaratmaq idi. Bu gün həmin istiqamətdə mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyev müharibədə qalib olaraq yeni reallıq yaratdı, daha sonra həmin reallığı diplomatik müstəvidə möhkəmləndirdi və Ermənistanı sülh gündəliyinə gətirdi. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir. Tarixi müqayisə baxımından da Azərbaycan nümunəsi diqqətçəkəndir. İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatmasına baxmayaraq, Almaniya ilə Fransa arasında barış və yeni münasibətlər sistemi sonrakı illərdə formalaşdı və 1963-cü ildə Yelisey müqaviləsi ilə mühüm siyasi əsas qazandı. Azərbaycan-Ermənistan nümunəsində isə 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpasından cəmi iki il sonra sülh sazişinin mətni paraflanıb. Bu, Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyətinin və Azərbaycanın yaratdığı yeni reallığın miqyasını göstərir”.

Sülhün növbəti mərhələsi əməkdaşlıqdır

Deputat vurğulayıb ki, qarşıdakı dövrdə əsas məqsəd əldə olunmuş siyasi nəticələri iqtisadi, nəqliyyat və humanitar əməkdaşlıqla möhkəmləndirməkdir:

“İndi qarşıda duran əsas vəzifə sülhün institusional və iqtisadi əsaslarını gücləndirməkdir. TRIPP-in reallaşması, regional nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji əməkdaşlığı, ticarətin inkişafı və xalqlar arasında təmasların artması sülhü daha dayanıqlı edəcək. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı da bu prosesdə mühüm rol oynayacaq. Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası münasibətlərin gələcək inkişafı üçün geniş imkanlar yaradır. Burada enerji, nəqliyyat, investisiya, süni intellekt, rəqəmsal infrastruktur, təhlükəsizlik və müdafiə kimi istiqamətlərin müəyyənləşdirilməsi iki ölkənin əməkdaşlığının çoxşaxəli xarakter aldığını göstərir. 2025-ci il avqustun 8-də Vaşinqtonda başlayan proses 2026-cı il avqustun 8-də artıq yeni mərhələyə daxil olub. Bir il əvvəl əsası qoyulan sülh gündəliyi bu gün real nəticələr verir. Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifə açılıb, regionda nəqliyyat və iqtisadi bağlantıların genişləndirilməsi üçün imkanlar yaranıb. Bütün bunlar Prezident İlham Əliyevin ardıcıl və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qalib gəlib və bu qələbə Azərbaycanın gələcək inkişafı üçün yeni tarixi imkanlar yaradıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar