9 il və 139 cəhddən  sonra sürücülük imtahanından keçdi
26 mart 2026 18:54 (UTC +04:00)

9 il və 139 cəhddən sonra sürücülük imtahanından keçdi

0

Polşanın Tarnuv şəhərində bir yerli sakin israrı ilə diqqət çəkib: o, 9 il ərzində uğursuz cəhdlərdən sonra yalnız 139-cu dəfə sürücülük üzrə nəzəri imtahandan keçə bilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Polşada, digər Avropa ölkələrinin əksəriyyətində olduğu kimi, namizədlər əvvəlcə kompüter əsaslı nəzəri testi keçməli, yalnız bundan sonra praktiki imtahana buraxılırlar. Adətən uğur qazanmaq üçün 1–3 cəhd kifayət edir, lakin bu hadisə istisna hal kimi qiymətləndirilir.

Qeyri-adi hadisə barədə yerli yol hərəkəti mərkəzi məlumat yayıb. Onların bildirdiyinə görə, həmin şəxs 2017-ci ildən etibarən imtahan verməyə çalışıb və imtahan rüsumlarına təxminən 1800 avro xərcləyib.

Mərkəzin direktoru Pavel Gurgul namizədin israrını vurğulayaraq deyib: “Bu insan təslim olmadı və imtahanı verməyə davam etdi. Bu isə sürücülük vəsiqəsinin onun üçün nə qədər vacib olduğunu göstərir”.

Pavel Gurgulun sözlərinə görə, çoxsaylı uğursuzluqların əsas səbəbi yanlış hazırlıq olub.

“О testlərin demo versiyasından istifadə edirdi və bu versiya bütün mümkün sualları əhatə etmirdi”, — deyə o izah edib.

Tam versiyaya keçdikdən sonra vəziyyət dəyişməyə başlayıb: “O, getdikcə daha az bal itirirdi və nəhayət imtahandan keçə bildi”, — deyə direktor əlavə edib.

Hazırda həmin şəxs növbəti mərhələyə — praktiki imtahana hazırlaşır. Əgər bu mərhələni keçə bilməsə, nəzəri imtahanı yenidən verməli olacaq.

Bütün bu qədər çox cəhdə baxmayaraq, bu hadisə rekord sayılmır. Polşa KİV-ləri Pyotrkuv Trybunalski şəhərindən olan bir sürücünün 17 il ərzində nəzəri imtahanı 163 dəfə verdiyini də xəbər vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar