Bin Laden və Mursinin “kor şeyx” arzusu – ARAYIŞ
12 iyul 2012 14:41 (UTC +04:00)

Bin Laden və Mursinin “kor şeyx” arzusu – ARAYIŞ

Əl-Təhrir meydanında Məhəmməd Mursinin səsləndirdiyi bir fikir Amerikanı silkələdi. Yeni prezident xalq qarşısında and içdi ki, Ömər Abdel Rəhmanın azadlığına nail olacaq. “Kor şeyx” ləqəbli bu şəxs İslam aləmində tanınmış din xadimlərindən biridir.

Ömər Abdel Rəhman Ümumdünya Ticarət Mərkəzinə 1993-cü ildə həyata keçirilmiş ilk hücumu təşkil edən adamdır. Bundan başqa o, islam ələmində amerikalılar haqqında ən ağır fitvanı verən din xadimidir. O,deyib: “Amerikalılar meymun və donuzların törəmələridirlər, onlar sionistlərin, kommunistlərin və müstəmləkəçilərin süfrəsinin artığı ilə qidalanırlar”. Və müsəlmanları Qərb sivilizasiyasına qarşı terror müharibəsi aparmağa çağırıb.

Şeyx 1996-cı ildə ABŞ-da kütləvi ölümə səbəb olacaq qəsd planına görə ömürlük həbsə məhkum edilib. Mursinin xalq qarşısındakı belə bir şəxsi azadlığa çıxaracağı ilə bağlı çıxışına Qərbdən dərhal reaksiya gəldi. “Möhtəşəm Misir xalqının yeni prezidenti Amerikanın üzünə tüpürdü” kimi başlıqlar manşetlərə daşındı...

Düzdür, rəsmi Vaşinqton Mursinin bu bəyanatına münasibət bildirmədi. Amma münasibət bildirənlər də oldu. Senator-demokrat Çak Şumer Mursinin bəyanatını “təhqiredici“ adlandırdı: “Mursinin bu bəyanatı Ümumdünya Ticarət Mərkəzində qurban gedənlərin təhqir olunması deməkdir. Qalan şeylərinsə elə bir önəmi yoxdur. Şeyx harada olmalıdırsa orada da qalacaq - yəni, hıbsxanada”.

Respublikaçı Piter Kingsə belə bir bəyanat verdi: “Bu ikrah doğurur, Misir dövlətinin başçısı öz andiçmə mərasimində belə bir adamın həbsdən azad olunmasını tələb edir. Bu adam kütləvi qətl törətmək istəyib. Prezident bunu elə ilk çıxışında dedi. Bu isə o deməkdir ki, bu, onun siyasi düşüncəsindən gəlir, o, bunu ürəkdən deyir. “Müsəlman qardaşları“ sonra da iddia edirlər ki, onlar dəyişiblər. Belə bir durumda biz səfərbər olmalıyıq...”

Amerika mediasının yazdığına görə, Misir parlamentinin üzvü və “Əl-Qamaa əl-İslamiyyə“ təşkilatından Hani Hur Eldin Amerikaya gələrək mənəvi ata bildiyi şeyxin azad olunması üçün bəzi görüşlər keçirib. Dövlət Departamenti “FoxNevvs“un Eldinin missiyası ilə bağlı sualına cavab olaraq isə xatırladıb ki, Hillari Klinton şeyxə çıxarılmış hökmün ədalətli, onun cinayətini sübut edən dəlillərin isə aydın və inandırıcı olduğunu deyib.

Dövlət Departamentindən başqa bir rəsmi şəxsə bəyan edib ki, belə bir problem mövcud deyil və Ömər Abdel Rəhman heç vaxt azad olunmayacaq.

ABŞ-ın baş prokuroru olmuş Endro Makartinin köməkçisi 1995-ci ilə Ömər Abdel Rəhmanın işində dövlət ittihamçı qismində iştirak edib. O, baş verənlər haqqında belə deyib: “Misir çalışacaq ki, bunu “insani jest“ kimi təqdim etsin. Niyə də yox? Bizim hökumətimiz Hani Hur Eldin kimi birisinə Amerikaya gəlmək üçün viza verir. Halbuki, o, “Əl-Qamaa əl-İslamiyyə“ kimi terrorçu təşkilatın üzvüdür. Bu çox ciddi təşkilatdır. Və onlar prezident Mursiyə bu məsələyə görə həmişə təzyiq edəcəklər”.

Buradaca “Əl-Qamaa əl-İslamiyyə“ təşkilatı haqqında bəzi statistik bilgiləri yada salaq. Bu təşkilat ötən əsrin 70-ci illərində prezident Ənvər Sadatın xeyir-duası ilə ölkədəki solçu qüvvələri neytrallaşdırmaq üçün yaradılıb. Təşkilatın yaranmasında və tanınmasında Ömər Abdel Rəhmanın müstəsna xidmətləri var. Təşkilat tezliklə xalq arasında populyarlaşdı. Hüsnü Mübarəksə bu təşkilatı qeyri-qanuni elan etdi. 1995-ci ildə “Əl-Qamaa əl-İslamiyyə“ Hüsnü Mübarəki Efiopiyada aradan götürmək üçün terror aktı həyata keçirsə də, istəyinə nail ola bilmədi. Hazırda bu təşkilat Misirdə rəsmən fəaliyyət göstərir. Parlamentdə də kifayət qədər deputat yeri var...

“WikiLeaks” saytında ABŞ-ın “tam məxfi” qrifi ilə saxlanılan kəşfiyyat materialları açıqlanandan sonra bəlli oldu ki, Üsamə bin Laden başda olmaqla “əl-Qaidə“ 1998-ci ildə Amerikada sərnişin təyyarəsini qaçırmaq və bu yolla Ömər Abdel Rəhmanın həbsdən azad olmasına nail olmağı planlaşdırıb. ABŞ-a üst-üstə 1 trilyon dollarlıq ziyan vurmuş “əl-Qaidə“ bu gün də “kor şeyxi“ həbsdən azad etmək haqqında düşünür...

Ömər Abdel Rəhman Ümumdünya Ticrət Mərkəzini 1993-cü ildə partlatmağa cəhd etdi. Alınmadı. Sonda bu missiyanı 2001-ci il 11 sentyabrda Üsamə bin Laden həyata keçirdi. Yəni Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin möhtəşəm qoşa binasının partladılması təsadüfi deyildi.

Düşünün... Bir vaxtlar Üsamə bin Laden, bugünsə Misirin prezidenti olan Məhəmməd Mursi Ömər Abdel Rəhmanı Amerikanın cəngindən xilas etmək istəyir.

Elbəyi HƏSƏNLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar